“Mən bu yay Azərbaycana səfərim zamanı ölkə başçısı, baş nazir və bütün aidiyyəti dövlət qurumlarından Avropa Şurasının öhdəliklərinə əməl etməyi xahiş etmişəm.
AŞ PA demokratiya ilə bağlı Azərbaycanda vəziyyəti öyrənib, siyasətçilərin və jurnalistlərin azad edilməsi istiqamətində müəyyən tələblər irəli sürüb.
Mən bu yaxınlarda məlumat almışam ki, Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə 80 nəfər həbsdən azad edilib. Lakin bu əfv fərmanının nəzərdə tutulan bütün məhbusları əhatə etdiyini deyə bilmərəm”. Bu sözləri AŞ PA prezidenti Luis Mariya de Puç qurumun payız sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycanda siyasi məhbuslarla bağlı sualı cavablandırarkən deyib.
Məhbusların azad edilməsi prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyən prezident Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunub: “Ümumilikdə ölkədə demokratiyanın tamamilə bərqərar olmasına və qarşıdan gələn seçkilərin Avropa Şurasının prinsiplərinə uyğun şəkildə keçirilməsinə ümid edirəm. Mən Azərbaycanda olarkən prezident İlham Əliyev də şəxsən qarşıdan gələn seçkilərin tam demokratik şəkildə keçiriləcəyinə təminat verdi”.