Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəcamı

Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri vardır. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilmişdir.
Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2013-cü il

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO