“Hesabat özü hər şeyi deyir. Mən hesabata şərh vermək istəməzdim, çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq bəyanatla çıxış ediblər”.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza həmsədrlərin Dağlıq Qarabağa qiymətləndirmə missiyasının nəticələrinə dair hazırlanmış hesabata münasibətini APA-ya belə şərh edib. Səfir Azərbaycan tərəfinin hesabatı qəbul etdiyini deyib: “Bildiyim qədər, Azərbaycan tərəfi bu hesabatı qəbul edib. Yalnız onu deyə bilərəm ki, həmsədrlər ciddi səylə çalışır və bu münaqişənin həlli üçün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirirlər”.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə qiymətləndirmə missiyasının yekun hesabatını ATƏT-in baş katibi Mark Perrin de Brişamboya təqdim ediblər. ATƏT-in rəsmi saytında hesabatın qısa icmalı dərc olunub.