Mediasız, siyasi partiyalarsız, Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmək mümkün deyil

Mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmək mümkün deyil. Trend-in məlumatına görə, bunu bazar ertəsi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Artıq 4 ildir ki, biz Yeni il və Novruz bayramlarında ildə iki dəfə fərdi jurnalist müsabiqələrinin təqdimatına toplaşırıq. Bu, Azərbaycanda artıq bir ənənə halını alıb. Burada məqsəd təkcə jurnalistlərin daha yaxşı yazı nümunələrini təqdim edib onlara pul mükafatlara vermək deyil, eyni zamanda, media nümayəndələrini bir araya gətirərək onlar arasında yeni bir ünsiyyət növü yaratmaqdır. Bu ünsiyyətdə siz bir tərəfdən bir-birinizlə yaradıcılıq müvəffəqiyyətlərinizi bölüşürsünüz, digər tərəfdən, şəxsi tanışlığınızı inkişaf etdirirsiniz, media rəhbərləri ilə yaradıcılıq uğurlarınızı bölüşürsünüz”, – Həsənov bildirib.
Həsənovun sözlərinə görə, digər bir tərəfdən, medianın bir-biri ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu, hörmətli insanları ilə belə ünsiyyətlər vətəndaş cəmiyyətinin quruculuğunda, siyasi plüralistik cəmiyyətin formalaşmasında media ilə insanlar, media ilə məmurlar, media ilə cəmiyyət arasında ünsiyyətin yaxşılaşdırılmasına, intensivləşməsinə xidmət göstərir.
“Bir daha bu tədbirlərin əhəmiyyətini qeyd edirəm və düşünürəm ki, belə tədbirlər getdikcə inkişaf edən dövlətimizin, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olan medianın da inkişafına öz stimulunu göstərəcək”, – Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və 1998-ci ildən bu günə qədər Azərbaycanda davam edən azad media mühiti, siyasi plüralistik cəmiyyət quruculuğu bu gün də müvəffəqiyyətlə öz işini davam etdirir: “Mən əminəm ki, media işçiləri indiyə qədər olduğu kimi, bundan sonra da bu demokratik dövlət, cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmirik”.
Əli Həsənov bütün bu proseslərdə iştirak edən insanları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
O, həmçinin KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin sabah 55 yaşının tamam olacağını vurğulayaraq, ona bütün jurnalistlər adından arzularını çatdırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO