Çərşənbə axşamı Moskvada keçirilən MDB Müdafiə Nazirləri Şurası iclasının iştirakçıları hərbi əməkdaşlığın inkişafı kursunu təsdiq ediblər. Bu sahədə 26 məsələyə baxılıb. Bunu Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu jurnalistlərə bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verir. “Biz ümumi, regional və milli maraqların balansı əsasında müdafiə əməkdaşlığının inkişafında marağı təsdiq etdik”, – Şoyqu Şuranın sədri seçildiyi iclasın nəticəsinə dair danışarkən deyib.
Nazirin sözlərinə görə, iclas iştirakçıları hərbi əməkdaşlığa aid 26 məsələyə baxıblar, 2012-ci ildə Şuranın işçi orqanlarının fəaliyyətlərinə yekun vurublar və növbəti il üzrə planı təsdiqləyiblər.
“Biz 2013-cü ildə MDB-nin hava hücumundan müdafiəsinin birləşdirilmiş sisteminin birgə tədbirlər planına baxdıq və 2014-cü ildə onun inkişafına vəsait ayrılmasını müzakirə etdik”, – Şoyqu bildirib.
O xatırladıb ki, oktyabrda Qazaxıstanda “Təmiz səma” hava hücumundan müdafiə təlimləri keçirilib. “2013-cü ildə artıq Rusiyada, “Aşuluk” poliqonunda “Hərbi əməkdaşlıq -2013″ birgə təlimini təşkil edəcəyik”, – nazir əlavə edib və bu təlimlərin qarşılıqlı fəaliyyət və vahid informasiya sahəsinin, idarə sisteminin yaradılmasını yerinə yetirməyə və hava hücumu zamanı döyüş hərəkətlərinin aparılmasını təkmilləşdirməyə icazə verəcəyini bildirib.
Bundan başqa, Şoyqunun sözlərinə görə, metroloji təminatın təkmilləşdirilməsi üzrə birgə iş proqramı, həmçinin hidrometeoroloji təminata vahid tələbləri müəyyən edən sənədlərin siyahısı təsdiq edilib.
“Arxivlərarası vahid məlumat kitabçasının formalaşması haqqında razılığa nail olunub”, – Rusiya MN-in rəhbəri bildirib.
Trend.az