Azərbaycanda prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevqeni Sloboda seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq məqsədi ilə Naxçıvana gedib. APA-nın yerli bürosunun məlumatına görə, regiona ikigünlük səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran Y. Sloboda Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları üzrə seçki dairələrində seçki prosesinə hazırlığın vəziyyəti ilə tanış olduğunu bildirib. Seçki dairələri üzrə məntəqələrin yüksək səviyyədə təşkil olunduğunu deyən Y. Sloboda hər hansı ciddi qanun pozuntusunun qeyd olunmadığını qeyd edib. O, seçki məntəqələrinin rəhbərliklərinin də seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu bildirib. Y. Sloboda onu da deyib ki, seçki günü MDB Müşahidəçi Qrupunun tərkibində 7 seçki dairəsinin hər birində 2 müşahidəçi seçki prosesini izləyəcək.
Qeyd edək ki, sözügedən müşahidə missiyasının MR-də fəaliyyətinin təmin olunması məqsədilə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasında koordinasiya mərkəzi yaradılıb.