Azərbaycanda prezident seçkilərinə hazırlıq kifayət qədər savadlı, peşəkar və yaxşı səviyyədə aparılır. Bunu Trend-ə müsahibəsində MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun deyib.
“Azərbaycanda prezident seçkilərinə hazırlıq kifayət qədər savadlı, peşəkar və yaxşı səviyyədə aparılır. Mən hələ dairə komissiyalarında gördüklərimiz haqqında ilkin nəticələri söyləyə bilmərəm. Amma bütün bunlar onu deməyə əsas verir ki, çox əsaslı və böyük işlər görülüb. Hələ seçkilərə 3 həftə qalıb, lakin demək olar ki, seçki komissiyaları prosesə artıq hazırdırlar” – deyə Qarkun bildirib.
MDB müşahidə missiyasının işi
MDB İcraiyyə Komitəsi quruma Azərbaycan hökuməti tərəfindən prezident seçkilərini izləmək üçün dəvətin daxil olmasından sonra müşahidə missiyasının formalaşdırılması işinə başlayıb.
“Biz qısa müddət ərzində Birlik ölkələrinə təkliflə müraciət etdik ki, seçkilərdə iştirak etmək üçün hər dövlətin müşahidəçi heyəti formalaşdırılsın. Formalaşdırma prosesi bu gün də davam edir. Azərbaycanda prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyasına MDB-nin icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək. Bu haqda qərar avqustun 20-də Minskdə MDB ölkələri daimi nümayəndələrinin şurasının və digər qurumların təmsilçilərinin iştirakı ilə keçirilən iclasda verilib” – deyə Qarkun bildirib.
MDB-dən olan missiyanın tərkibində 300 müşahidəçi olacaq, eyni zamanda, 20 müşahidəçi uzunmüddət işləyəcək.
Missiya birlik ölkələrinin təklifi, açıq və səsvermə yolu ilə parlamentarilərdən, diplomatlardan, seçki komissiyalarının və icra hakimiyyəti təmsilçilərindən ibarət formalaşdırılacaq.
“Biz güman edirik ki, Birliyin bütün ölkələrindən olan nümayəndələr missiyanın işində iştirak edəcək. Bu, bizim üçün vacibdir. Onlar seçkilərə 3-4 gün qalmış Azərbaycana gələcək. Qərargahımızın vəzifəsi onları qəbul etmək və ölkə boyu bərabər bölüşdürməkdir” – deyə o, əlavə edib.
Uzunmüddətli müşahidəçilər işə sentyabrın 10-dan missiyanın qərargahı fəaliyyətini qurduqdan sonra başlayıb.
Qeyd edək ki, missiyanın Azərbaycanda qərargahının açılması üçün İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun və missiyanın müşahidə qərargahının rəhbəri Yevgeniy Sloboda gəlib.
Missiyanın uzunmüddətli vəzifələri haqqında danışan Qarkun qeyd edib ki, buraya seçkilə bağlı bütün proseslər – seçki kampaniyasının aparılmasının, namizədlərin qeydiyyata alınmasının, təbliğatın aparılmasının, dairə seçki komissiyalarının fəaliyyətinin müşahidəsi və s. daxildir.
Onun sözlərinə görə, seçki günü missiya müşahidəçiləri səslərin sayılması və protokolların imzalanması prosesində işirak etmək üçün açıq və qapalı məntəqələrdə olacaq. Müşahidəçilərin bütün məlumatları qərargaha daxil olacaq, axşam isə ilkin nəticə ilə bağlı hesabat olacaq.
Oktyabrın 10-da Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrlə bağlı bəyənatından sonra Sergey Lebedev açıqlama ilə çıxış edəcək.
Qarkun bildirib ki, bu açıqlama ilkin xarakter daşıyacaq. Çünki, MDB müşahidə missiyasının yekun hesabatı MSK-nın rəsmi nəticələri elan etməsindən sonra veriləcək.
“Müşahidəçilər dairələrdə və seçki məntəqələrində olacaq. Məsələn, biz Xaçmazda olmadığımız seçki məntəqələrində olduq və seçkilərə hazırlığın hansı səviyyədə getdiyini gördük. Bütün dairələr və seçki komissiyaları bütövlükdə komplektləşdirilib, onlara yerlər ayrılıb, praktiki olaraq, bu gün seçki kabinələri və qutuları, telefonlar, fakslar, seyflər, və s. var. Böyük maarifləndirmə işləri aparılıb. Eyni zamanda, dairə seçki komissiyalarının xüsusi binalarda fəaliyyət göstərməsini görmək çox sevindirici idi. Onlar üçün bütün şərait yaradılıb” – deyə Qarkun söyləyib.
Əsaslı iş getdiyini vurğulayan Qarkun əlavə edib ki, “biz bunu görürük və qənaətbəxş qiymətləndiririk”.
“Dairə Seçki Komissiyalarında olarkən, seçkilərə hazırlığın necə getdiyini və geniş təbliğat materiallarının hazırlandığını da gördük” – deyə o, bildirib.
Onun sözlərinə görə, müşahidələrə əsasən demək olar ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçici siyahılarının hazırlanmasında böyük işlər görüb.
“Seçicilərin siyahısı, eyni zamanda, komissiyaların binalarında asılmışdı və hər bir seçici gəlib özünün adının və soyadının həmin siyahıda olub-olmamasını yoxlaya bilir. Bu da MSK-nın fəaliyyətinin müsbət tərəflərindəndir” – deyə o, əlavə edib.
Beynəlxalq missiyalarla əməkdaşlıq
MDB müşahidə missiyası, həmçinin, digər beynəlxalq müşahidə missiyaları ilə də – ATƏT, AŞPA, GUAM və digərləri ilə əməkdaşlıq etmək niyyətindədir.
“Biz Azərbaycanda seçkiləri izləyən ATƏT-in missiya nümayəndələrilə görüşmək, fikir mübadiləsi aparmaq, onların müşahidələrini eşitmək niyyətindəyik. Biz hər zaman fikir mübadiləsinə açığıq” – deyə Qarkun bildirib.
Missiyanın rəhbəri Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Mərkəzi Seçki Komissiyasının, Prezident Administrasiyasının, həmçinin, XİN nümayəndələrilə görüşlər keçirib, ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
2-3 gündən sonra missiya ölkədəki seçkiöncəsi vəziyyətlə əlaqəli aralıq hesabatla çıxış etməyi planlaşdırır.
Qarkunun qeyd etdiyi kimi, seçkilərin müşahidəsi siyasi neytrallıq, qərəzsiz və dövlətin daxili işlərinə, seçkinin gedişatına qarışmamaq şəraitində baş tutacaq.
“Bu bizim işimizdir və ümid edirik ki, vəzifəmizin öhdəsindən gələ biləcəyik” – deyə qərargah rəhbəri fikirlərini yekunlaşdırıb.