Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilib.
Palatadan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ABŞ ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu xüsusi qeyd etdi. R.Aslanlı ölkənin maliyyə bazarlarının mövcud vəziyyəti barədə danışaraq, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər fonunda bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi. Palata sədri böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan hökuməti tərəfindən qısa müddət ərzində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən R.Sekuta maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təçrübə və ekspertizadan faydalanmaq imkanlarından danışdı. R.Sekuta tərəqiyyə doğru irəliləyişin əldə edilməsi və maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlı oluqlarını vurğuladı.
Sonda tərəflər arasında inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.