«Azərbaycan əhalisinin 4 milyon 750 min nəfəri seçki hüquqlü vətəndaşlardan ibarətdir. Bunların da 50 faizini gənclər təşkil edir.Ölkə üzrə 18 min gənc isə bu il ilk dəfə səs verəcək».
APA – nın Cənub bürosunun məlumatına görə, bu sözləri Lənkəranda “Mən ilk dəfə səs verirəm” mövzusunda keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib.
Lənkəranın ali və orta ixtisas məktəblərindən 125 gəncin qatıldığı tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaçov açaraq ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə münasibətilə təbrik edib.
Daha sonra çıxış edən YAP Lənkəran şəhər təşkilatı gənclər birliyinin sədri İlkin Rəhimov seçkilərlə bağlı gənclərlə indiyədək dörd görüşün keçirildiyini,onların bu mühüm siyasi kampaniyada böyük ruh coşğunluğu ilə iştirak edəcəyinə əmin olduğunu diqqətə çatdırıb. YAP Gənclər Birliyinin sədri Ramil Həsənov isə çıxışında bununla sayca üçüncü olan “Mən ilk dəfə səs verirəm” aksiyasının əsas məqsədinin gənclərin seçkilərə hazırlıq prosesini yoxlamaqdan, ilk dəfə səs verəcək gənclərin seçkilərə mütləq getmələrinə nail olmaqdan və Azərbaycanın demokratik bir ölkə olduğunu nəzərə alaraq ilk dəfə səs verəcək gənclərin seçkilərə niyə və nə məqsədlə getmələrini onlara izah etməkdən ibarət olduğunu bildirib.”Hesab edirəm ki, biz məqsədimizə çatmışıq. Bugünkü görüşlərimiz,onların nəticələri deməyə əsas verir ki, gənclərimiz ilk dəfə səs vermələrinə baxmayaraq onlar müəyyən siyasi dünyagörüşə və təcrübəyə malikdirlər”.