İyunun 2-də Litvanın Edukologiya Universitetində litvalı tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqaza köçünü 20 əsr” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis və müəllim heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, tarixçilər, yerli media nümayəndələri iştirak etmişdilər.
Səfirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis kitabın müəllifini və qonaqları salamlayaraq bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd kimsəni qınamaq və ya günahladırmaq deyil, bu tədbir – həqiqətin axtarılması üçün bir fürsətdir. O, bir tərəfin deyil, bütün tərəflərin fikrinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək, Litvada ilk dəfə olaraq belə bir kitabın yazıldığını və nəşr edildiyini vurğulamış və bunun sonuncu olmadığına əmin olduğunu bildirib.
Səfir Həsən Məmmədzadə çıxışında Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək Azərbaycan və Ermənistan tarixi ilə maraqlanmağa başlamasınının vacibliyini vurğulayıb. O, kitabın əhəmiyyətini qeyd edərək bildirib: “Ən əsası odur ki, Azərbaycan və Ermənistan tarixinə yanaşmada ədalət prinsipi qorunur”.
Səfir eyni səhflərin edilməməsi üçün tarixin öyrənilməsinin vacibliyini vurğulayıb.
Kitabın müəllifi Alqimantas Liyekis çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başladığı və kitabın yazılma prosesi haqqında danışıb. Müəllif kitabın yazılmasında rus, ingilis, gürcü mənbələrindən istifadə etdiyini bildirib. O, Litvada hər iki ölkənin tarixi haqqında təhrif edilmiş məlumatların olduğunu vurğulayaraq qeyd edib ki: “Litvada bəzən yanlış bir fikir fomalaşıb ki, bu məsələlərdə azərbaycanlılar günahkardırlar. Litvada bilmirlər ki, Yerevan nə vaxtsa Azərbaycana məxsus olub”.
Müəllif ermənilərin qonşuları ilə normal münasibətlər qura bilməməsi, onlara torpaq iddiası etməsini iştirakçıların diqqətinə çatdırıb. Hətta tarixi araşdırarkən Azərbaycanın Dağlıq Qarabağı itirməsi ilə Litvanın da bir vaxtlar Vilnüs diyarını itirməsi arasında oxşarlığı tarixçi-alim iştiraçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən jurnalist Audris Antanaytis bu yaxınlarda Azərbaycana getdiyini, ancaq təəssüflər olsun ki, oraya yanlış yerdən səfər etdiyini və bu barədə səfirdən uzr istədiyini bildirib. O bunun sadəcə, bir jurnalist həvəskarlığı olduğunu qeyd edib. Həmçinin, Dağlıq Qarabağa getməmişdən öncə bu kitabı oxumadığından da çox təəssüfləndiyini bildirib.
Yazıçı Yonas Ujurka isə bildirib ki, bu kitab işıq üzü gördükdən sonra Azərbaycan tarixini Litva tarixçilərinin də gözü ilə görmək olar.
Sonra çıxış edənlər müəllifin arxiv materiallarından istifadə edərək, oxucular üçün zəruri, həqiqi faktlara əsaslanan bir kitabı ərsəyə gətirməsini yüksək qiymətləndiriblər.
2016-ci ilin mart ayında işıq üzü görmüş kitabda Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. Bu litvalı tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan ilk kitabdır və Litva elmi ictimaiyyəti və oxucular tərəfindən maraqla qarşılanmışdır. Kitab rus dilinə də tərcümə edilib.
Beş yüz tirajla nəşr edilmiş kitabın iki yüz əlli iki ədədi Litvanın şəhər kitabxanalarına verilmiş (müqavilə əsasında), qalan hissəsi isə Litva siyasətçiləri və tarixçiləri arasında paylanılıb. Kitabın elektron versiyası “elibrary.lt” (elektron kitabxana) internet portalında yerləşdirilmişdir. Kitaba maraq göstərildiyi nəzərə alınaraq, Litva dilində ikinci dəfə çapa verilib. Eyni zamanda, kitabın rus dilinə tərcüməsi edilmiş və hazırda çap edilməsi üzərində işlər gedir.
Kitabın müəllifi, professor, elmlər doktoru Alqimantas Liyekis 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, həmçinin 79 kitabın müəllifi və ya həmmüəllifidir. A.Lekis Elmşünaslıq İnstitutunun direktorudur. “Litva elmi” və “Litva xalqı” adlı yeddi elmi kitabın baş redaktoru olmuşdur. Onun tərəfindən yazılmış kitabların əksəriyyəti Litva xalqının və dövlətinin tarixindən bəhs edib.
Kitab haqqında Litvanın nüfuzlu “Literatura-menas” jurnalında, “Karştas komentaras” həftəlik qəzetinin 8,9, və 10 nömrələrində, “slaptai.lt” internet portalında məqalələr dərc olunub.