Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir

Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmirPrezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci, 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir.

Qanunun 22-ci maddəsinin adı aşağıdakı redaksiyada verilir:
“Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri”;

23-cü maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 23. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri

23.1. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.

23.2. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir.

23.3. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.

23.4. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir. Bu zaman bu Qanunun 23.3-cü maddəsinin müddəaları tətbiq olunur.

23.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO