“Kristof Ştrasserin hesabatı ilə bağlı hazırda müvafiq qurumlar təhlil aparır. Azərbaycanın bu məsələdə Avropa Şurasından fərqli mövqeyi var. Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır: “Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Ştrasserin səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik. Hazırda da bu danışıqlar gedir. Komitədə bu məsələ qaldırılıb və sentyabr ayında bu məsələnin AŞPA-nın gündəminə gətirilməsi qərara alınıb. Azərbaycanın müvafiq qurumları bu məsələni öyrənir və buna münasibət bildirəcəklər”.
K. Ştrasserin Azərbaycanda siyasi məhbus kriteriyasına 90 nəfəri aid etməsinə gəlincə, PA rəsmisi bunun subyektiv mövqe olduğunu deyib: “Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Ştrasserin yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyib. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Biz Ştrasserin hesabatı ilə razı deyilik. Öz münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq”.
Ə. Həsənov ölkə prezidentinin imzaladığı son əfv sərəncamına və İctimai Palatanın aksiyalarına saxlanılmış 9 nəfərin azadlığa buraxılmasına da münasibət bildirib: “Prezident bir daha həmin insanlara doğru yola qayıtmaq imkanı yaratdı. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, ictimai davranış qaydalarına hamının əməl etməsi, hüquq-mühafizə orqanlarının tələblərinə hamının tabe olması qanunun tələbidir. Qanunun tələblərini pozanlar da müvafiq olaraq cəzalara məruz qalırlar. Bu insanlara ölkə prezidenti bir daha şərait yaratdı ki, bundan sonra Azərbaycan cəmiyyətində özlərini qanunlara müvafiq aparsınlar”.
PA rəsmisi “Tolişi- Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə də münasibət bildirib: “Bununla bağlı araşdırma gedir, hələlik məhkəmə hökmü olmayıb. Ona görə də bu məsələ ilə əlaqədar hər hansı münasibət bildirmək istəmirəm. Təəssüflər olsun ki, bəzi hallarda olduğu kimi, Azərbaycanda hüquq-müdafiə fəaliyyəti həyata keçirən insanlar bunu da siyasiləşdirməyə, fərqli düşünənlərə təzyiq kimi dəyərləndirməyə çalışırlar. Amma ortada konkret faktlar var. Hazırda müvafiq orqanlar bununla bağlı iş aparır. Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.
Lent.az