İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 21 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Məcəlləyə aşağıdakı məzmunda 180-2-ci və 180-3-cü maddələr əlavə edilib:
Maddə 180-2. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi
180-2.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
180-2.2. Bu Məcəllənin 180-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min manat miqdarında cərimə edilir.
Maddə 180-3. Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO