İlham Əliyev Ali Audit Qurumlarının IV Birgə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda bu gün keçirilən Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Təşkilatının (ARABOSAI) IV Birgə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. Trend-in məlumatına görə, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov oxuyub.

“Sizi – Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Qurumlarının Avropa Təşkilatına və Ali Audit Qurumlarının Ərəb Təşkilatına üzv qurumların IV beynəlxalq konfransının iştirakçılarını paytaxt Bakı şəhərində salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzulayıram.
Konfransınızın yüksək statusu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 66-cı sessiyasında qəbul edilən və ictimai resursların rasional istifadəsində ali audit qurumlarının rolunun yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyan “Ali audit qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” Qətnamənin çağırışlarının həyata keçirilməsinə dünya ölkələri ilə birgə Azərbaycanın da artan marağının bariz nümunəsidir.
Ölkəmizdə belə mühüm tədbirin təşkilini qabaqcıl idarəetmə metodlarının tətbiqində və dövlət vəsaitlərinin istifadəsi zamanı şəffaflığın artırılmasında audit qurumlarının potensialının gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi olaraq qəbul edirik.
İnanıram ki, Bakı konfransı qazandığınız müsbət təcrübəyə arxalanmaqla təşkilatlarınız arasında qarşılıqlı işgüzar münasibətlərin daha da dərinləşməsinə və müasir çağırışların uğurla gerçəkləşdirilməsinə zəmin yaradacaq, bütövlükdə dövlət maliyyə nəzarəti orqanlarının işinin səmərəliliyinin yüksəldilməsinə töhfələr verəcəkdir”, – İlham Əliyevin müraciətində deyilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO