İslam Konfransı Təşkilatı inanır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək. Bu barədə təşkilatın baş katibi Ekmələddin İhsanoğlu Trend News-a deyib. Biz inanırıq ki, gec-tez bu problem sülh yolu ilə həll ediləcək, çünki Azərbaycan xalqının buna haqqı var, – Bakıda keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” beynəlxalq konfransında iştirak edən İhsanoğlu deyib. – Bizim bütün qətnamələrimiz bu istiqamətdə qəbul edilib”.
Dəməşqdə keçirilən İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclasında Ermənistanın Azərbaycana təcavüzünə dair qətnamə qəbul edilib. Qətnamə Ermənistanın təcavüzü ilə əlaqədar olaraq Azərbaycana iqtisadi köməyin göstərilməsini nəzərdə tutur, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə İslam mədəni və tarixi abidələrinin məhv edilməsini pisləyir.
İKT-nin baş katibi İhsanoğlu ermənilər tərəfindən işğal edilmiş ərazilərdə məscidlərin dağıdılmasını və meşələrin yandırılmasını böyük səhv adlandırıb. “Biz bu hərəkətləri dəstəkləmirik və hesab etmirik ki, bu üsullarla cavab vermək lazımdır. Çünki bizim inancımız bunu qadağan edir”, – İhsanoğlu deyib.
Baş katibin sözlərinə görə, İslam ümməti cəmiyyəti “tarix boyu bütün dinlərin nümayəndələrinə qapılarını açıb, lakin çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsində ermənilər məscidləri, tarixi abidələri dağıdıb və həmçinin meşələri yandırmağa belə cəhd ediblər”.
İhsanoğlu daha əvvəl Trend News-a müsahibəsində demişdi ki, İKT kəskin və prinsipial mövqe tutaraq Ermənistanın Azərbaycana təcavüzünü pisləyir və əvvəki kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmfikirdir. “İKT Azərbaycanın münaqişənin sülh və ədalətli tənzimlənməsinə yönəldilmiş bütün səylərini dəstəkləyərək, Ermənistanın işğal edilmiş ərazilərdəki hərəkətlərini qəbul etməyəcək”, – baş katib deyib.
İslam Konfransı Təşkilatı öz üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci böyük təşkilat hesab edilir. İKT hesab edir ki, Dağlıq Darabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq normalarına, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulması və məcburi yolla ərazilərin mənimsənilməsinin yolverilməz olduğunu açıq-aydın təsdiq edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmək lazımdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.