KORRUPSİYAYA QARŞI CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİ ERMƏNİSTANSIZ YARADILIB

KORRUPSİYAYA QARŞI  CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİ ERMƏNİSTANSIZ YARADILIBKorrupsiya Qarşı Mübarizə üzrə Parlamentlərarası Qlobal Təşkilatın (GOPAK) Cənubi Qafqaz parlamentlərarası şəbəkəsi yaradılıb. «Media forum» saytı xəbər verir ki, bu gün Azərbaycan və Gürcüstan parlamentinin bir qrup deputatı Milli Məclisdə birgə keçirdikləri mətbuat konfransında şəbəkə haqda danışıblar.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, təşkilatda Azərbaycan və Gürcüstan təmsil olunacaq. Azərbaycandan təsisçilər Əli Hüseynov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Çingiz Əsədullayev, deputat Fuad Muradov və Korrupsiya ilə Mübarizə üzrə Komissiyanın işçi qrupunun üzvü Əliməmməd Nuriyev, Gürcüstan tərəfdən isə bu ölkə parlamentinin hüquq komissiyasının sədri Pavle Kublaşvilidir.

GOPAK-ın Cənubi Qafqaz üzrə nümayəndəliyinin Bakıda yaradılması haqda razılıq 2008-ci ilin noyabrında qurumun Küveyt konfransında əldə olunub. Yaxın günlərdə dövlət qeydiyyatına alınmaq üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim ediləcəyini vurğulayan Ə.Hüseynov deyib ki, şəbəkənin məqsədi korrupsiya ilə mübarizə, parlamentlər arasında təcrübə mübadiləsi aparmaq və bu məsələdə dövlətlərə yardım göstərməkdir.

Cənubi Qafqazın digər dövləti Ermənistanın bu şəbəkəyə qoşulmasına gəlincə, komissiya sədri bildirib ki, təşkilata üzvülük açıqdır və hansı ölkə istəsə, ora qoşula bilər: «Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Ermənistanla təcrübə mübadiləsi aparmağa ehtiyac görmür. Çünki Ermənistanda mübadilə üçün müsbət təcrübə yoxdur. Azərbaycan bu sahədə Moldova, Ukrayna, Şərqi Avropa ölkələri ilə əməkdaşlıqda maraqlıdır».

Gürcüstan parlamenti hüquq komissiyasının sədri Pavle Kublaşvili bildirib ki, ölkəsi Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparmağa hazırdır: «Gürcüstanın bu sahədə yaxşı təcrübəsi var. Azərbaycanda isə yaxşı baza mövcuddur. Ona bizim əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Hazırkı maliyyə və iqtisadi böhran şəraitində korrupsiya ilə mübarizə daha aktualdır».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO