Vasif Mövsümov: «Şikayətlər ictimai fəallığı güclü olan bölgələrdən olur»
Korrupsiyaya Qarşı Mübarizə Fondu 2008-ci ildə regionlarda korrupsiya hallarının olub-olmaması ilə bağlı hesabat hazırlayıb. Fondun rəhbəri Vasif Mövsümovla söhbətimizdə monitorinqin nəticələri və digər suallara aydınlıq gətirməyə çalışdıq.
– Vasif bəy, apardığınız monitorinqlər hansı dövlət orqanlarında korrupsiya hallarının çox olduğunu göstərir?
– Monitorinqi regionlarda apardığımızdan şikayətlər də dövlət qurumlarının yerli strukturlarındandır. Araşdırmalar göstərir ki, 2008-ci ildə korrupsiya ilə bağlı daha çox şikayətlər bələdiyyələr, Dövlət Reyestr Xidməti, yerli torpaq komitələri, məhkəmə və məhkəmə icraçılarından, yol patrul xidmətindən, ünvanlı sosial yardım və pensiya məsələlərindən, elektrik və qaz istismarı idarələrindəndir.
– Şikayətlər ölkənin hansı regionlarındandır?
– Biz şikayətləri ümumi götürmüşük və araşdırmalarımız 20-ə yaxın bölgəni əhatə edib. Konkret olaraq, Xaçmaz, Gəncə, Qazax, Göyçay rayonlarında araşdırmalar aparsaq da, şikayətlər daha çox Qərb və şimal zonasındandır.
– Ən az şikayətlər hansı rayonlardandır?
– Şikayətlərin daxil olması tendensiyasını onunla ölçmək olar ki, harda vətəndaş cəmiyyəti güclüdürsə, ictimai fəallıq varsa, şikayətlər çox olur. Qərb və şimal zonasında ictimai fəallıq güclüdürsə, şikayətlər də bu bölgələrdəndir. Cənub zonasından isə Salyanın adını çəkmək olar.
– Bəs əhali korrupsiya haqqında şikayətlərdə fəal görünürmü?
– Xeyr, çox zəifdirlər. Çünki regionlarda insanların hüquqi maarifləndirilməsi aşağı səviyyədədir və bu adamları öz hüquqlarını müdafiə etmək səviyyəsində deyillər belə. Biz ona görə regionlara diqqət yetiririk ki, orda daha çox hüquq pozulma hallarına rast gəlinir. Maraqlıdır ki, paytaxta yaxın Sumqayıtdan da şikayətlər çox az daxil olur. Amma Gəncədə vəziyyət əksinədir. Bu o demək deyil ki, Sumqayıtda korrupsiya halları yoxdur. Əksinə gənclik şəhərinin əhalisi ictimai fəallıq göstərmir və vətəndaş cəmiyyəti zəifdir.
– Nədənsə korrupsiya hallarından danışanda vergilər, gömrük, polis, İqtisadi İnkişaf Nazirliyinin adlarını xatırlatmadınız. Məgər, bu dövlət orqanlarında korrupsiya yoxdurmu?
– Biz 2008-ci il monitorinqində vətəndaşların ən çox ünsiyyətdə olduğu dövlət orqanlarındakı durumu öyrənmək xətti götürmüşük. Yəni rayon sakinləri hansı dövlət orqanlarında təmasda olursa, qarşılaşdığı durum haqqında onun fikrini öyrənirik. Məhkəmə bütün rayonlarda var və bu qurumdan da şikayətlər çoxlu saydadır. Eyni sözləri yol patrul, dövlət reyestr xidmətləri, bələdiyyələr haqqında da demək olar. Bu şikayətlər son anda icra hakimiyyətlərinə çıxır. Bir məqama toxunmaq istərdim, daxili nəzarət qurumlarının yaradılması qanunvericilikdə tələb kimi qoyulsa da, bu məsələyə formal yanaşılır. 2007-ci ildə
qəbul olunan milli strategiyada daxili nəzarət qurumlarının yaradılması tələb kimi qoyulub, amma icra hakimiyyətlərində bu məsələyə hesabat xatirinə yanaşılıb. Yəni bu qurumların yaradılması kağız üzərindədir.
– Daxili nəzarət qurumlarının yaradılmasına kimlər maraqlı deyil?
– Əvvəla, heç bir orqan özü-özünə nəzarət edə bilməz. Ona görə də daxili nəzarət qurumlarının tərkibində vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etməlidirlər. Bununla da da icra strukturları mətbuat vasitəsi ilə özlərinin fəaliyyəti haqqında mütəmadi məlumat verməlidirlər. Amma onlar özbaşına bunu etməzlər. Çünki icra strukturları öz mövqelərini asanlıqla əldən vermək istəmirlər.
– Bəs sahibkarlar arasında monitorinq aparmısınızmı?
– Ötən il apardığımız monitorinqin nəticələrinə görə sahibkarların 75 faizi korrupsiyanın yüksək səviyyədə olduğunu bildirmişdi. Məsələ ondadır ki, Azərbaycanda müstəqil sahibkarlıq yoxdur. Müstəqil sahibkar olarsa, korrupsiyaya qarşı mübarizənin effekti də olar. Amma hamıya bəllidir ki, Azərbaycanda hər bir sahibkar məmur «krışası» altındadır.