Koreya Azərbaycanda məcburi köçkünlər üçün yeni layihələr həyata keçirəcək

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İni qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Ə.Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Ə.Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə bir milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.

Baş nazirin müavini vurğulayıb ki, bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir qəsəbə salınıb, 240 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadırlar.

Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən koreyalı diplomat hələ ötən il Ağcabədi rayonu ərazisində, bu il isə Yevlax, Gəncə və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkünlərlə görüşünü, hər 3 rayonda məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr keçirməklə onları mükafatlandırmaq kimi layihələr həyata keçirdiklərini, buradakı müasir qəsəbələrlə, orada yaradılan hərtərəfli şəraitlə tanışlığını xatırladaraq qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərlə bağlı gördüyü işlər onda böyük məmnunluq hissi doğurub.

Səfir bildirib ki, onun rəhbərlik etdiyi səfirlikdə məcburi köçkünlərin problemlərinin həllinə kömək göstərmək məqsədilə müxtəlif yeni layihələr həyata keçirmək qərarına gəldiklərini, bütün bunlarla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini bildirib.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər ətrafında da müzakirələr aparılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO