Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə iclasda Azərbaycan Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2010-cu il 4 oktyabr tarixli müraciəti ilə bağlı konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K. Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsində göstərilən “əxlaqsızlıq yuvaları” ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılıb, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır.