Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə F.Cavadovun və V.Aslanovun şikayəti ilə bağlı konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçilərin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, B.Rüstəmovun və Azərbaycan Beynəlxalq Bankının Səbail rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və digər iddia tələblərinə dair mülki iş üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II, III hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 417-ci, 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada yenidən baxılsın.
Qərar elan edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz. /ANS PRESS/