Kimsə xalqın, millətin, Prezidentin ona göstərdiyi etimaddan kənara çıxacaqsa, təbii ki, həmin insanlar cəzalanacaqlar, Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Prezident İlham Əliyevin fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən deyib.
Novruzov deyib ki, Prezident İlham Əliyev keçirdiyi geniş müşavirədə respublikada olan vəziyyətlə bağlı müzakirələr apardı. Olan nöqsanları göstərdi.
“Bunların aradan qaldırılması üçün tapşırıqlarını verdi. Qarşıda duran vəzifələri müəyyənləşdirdi. Hesab edirəm ki, çox vacib və zəruri olan bir müşavirə idi və o müşavirədə iştirak edən hər bir şəxs – istər sahibkarlar, istərsə də rayon və şəhər icra hakimiyyətinin başçıları, digər strukturların rəhbərləri hamısı özlərinin qarşısında duran vəzifəni başa düşdü, müəyyənləşdirdi. Bundan sonra onlar hansı istiqamətdə işləmək, cənab Prezident tərəfindən verilən tövsiyələrin yerinə yetirilməsi üçün gələcək fəaliyyətlərini qurmaq məqsədilə planlarını hazırlamalıdırlar”, – deyə Novruzov bildirib.
Dövlət başçısının bəzi məmurların vətəndaşlara yuxarıdan aşağı baxması fikrini şərh edən YAP rəsmisinin sözlərinə görə, təbii ki, insan faktoru birinci faktordur.
“Bütün bəşəriyyətin ən gözəl yaranmışı insandır. İnsan diqqət, insana qayğı və görülən işlər də hamısı insan üçündür. İnsana hörmət göstərilmirsə, o görülən işin əhəmiyyəti nədən ibarətdir? Bu baxımdan cənab Prezident çox düzgün olaraq məsələ qaldırdı, birinci Azərbaycan vətəndaşlarıdır, hər bir insana hörmətlə yanaşmalıdır, onun problemləri dinlənilməlidir, onlara qulaq asılmalıdır, onlarla görüşlər keçirilməlidir və obyektiv zəruri olan problemlər də həll olunmalıdır”, – Novruzov qeyd edib.
Onun sözlərinə görə, bəzi dövlət məmurları hansısa idarəçilik sistemini bilməməsindən və digər məsələlərdən yolunu azır.
“Cənab Prezident də onların hamısına xəbərdarlıq etdi ki, heç kəs yolunu azmasın. Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir”, – Novruzov bildirib.