Azərbaycan həqiqətləri, tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olan “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi nömrəsi fransız dilində nəşr edilib.
Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ön sözü yer alıb.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin jurnalda dərc olunmuş “Azərbaycan-Fransa tərəfdaşlığı: yeni mərhələ üçün yeni məqsədlər” adlı məqaləsində iki ölkə arasında əlaqələrin inkişafından, perspektivlərindən, eləcə də ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib.
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin ikinci maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanovun nəvəsinin müsahibəsi dərc olunub. Alev Ebuziyya-Siesbye bolşeviklərin hakimiyyətə gəlişindən sonra babasının Türkiyəyə getməsindən, pərən-pərən düşmüş ailə üzvlərinin çəkdiyi əziyyətlərdən danışıb.
Nəşrdə yer almış digər məqalə Azərbaycan diasporunun fəaliyyətindən bəhs edir. Günel Səfərova və Fidan Xəlilovanın həmmüəllifləri olduğu “Fransada Azərbaycan diasporu: keçmiş, bu gün və perspektivlər” adlı məqalədə Paris Sülh Konfransında iştirak etmiş həmvətənlərimizdən söz açılıb.
“İRS” jurnalının bu xüsusi nömrəsində fransızdilli oxuculara Azərbaycan, onun tarixi, coğrafiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ atları, ölkəmizin multikultural məkan olması haqqında geniş məlumat verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris