İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bu gün bəyanatla çıxış edib.
Trend-in məlumatına görə, bəyanatda İranın Nardaranda baş verən hadisələrlə heç bir əlaqəsinin olmaması bildirilir: “İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İran İslam Respublikasını qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir”.
Daha sonra bəyanatda vurğulanır ki, İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb: “İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur”.
Bəyanatda qeyd olunur ki, təəssüf ki, xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar: “Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl İslam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmamış və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınmışdır. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edirlər. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidirlər”.
Bəyanatda həmçinin İranın Azərbaycandakı səfirliyi ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulanır: “Allahdan Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyir, onların ailələrinin qəminə şərik olduğunu bildirir və ümid edir ki, bütün dost ölkələrdə yaranan ixtilaflar dinc şəkildə, ağsaqqalların təcrübələrindən və məsləhətlərindən bəhrələnərək öz həllini tapacaq və biz də dost və qardaş ölkələrdə sabitlik və əmin-amanlığın bərqərar olmasına şahid olacağıq”.
Bəyanatın sonunda səfirlik həmçinin qeyd edib ki, İranın Nardaran hadisələri ilə əlaqədar yeganə açıqlaması bu bəyanatdır və bundan əvvəl İranın Azərbaycandakı səfiri və ya Səfirliyin əməkdaşları bununla əlaqədar heç bir açıqlama verməyib.