İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının iştirakçıları üçün kokteyl-gecə təşkil edib

Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti, İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn FEI-in Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib. Bu barədə Trend məlumat verir.

Gecədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, FEI-in nümayəndələri, milli federasiyaların nümayəndələri və fəxri qonaqlar iştirak edib.

Gecədə qonaqlara Azərbaycan mətbəxinin nəfis təamları, o cümlədən milli şirniyyatları təqdim edilib.

Bu gecə həm də ona görə xüsusi əhəmiyyət kəsb edirdi ki, xanım Haya Bint Al Hüseyn 2006-cı ildən rəhbərlik etdiyi FEI-nin prezidentliyinə növbəti dəfə namizədliyini irəli sürməyib.

Bu axşam isə “Buta Palace”-da Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən tədbirin qala-gecəsi birgə təşkil olunacaq. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilir. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edirlər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində rekord göstəricidir.

Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Baş Asambleya çərçivəsində Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim olunub. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə şəhər turları təşkil olunub. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO