Bakıda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonuna kimi başa çatacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında xırda yubanmalar yaranıb: “Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin biz hesab edirik ki, bu sistemi tam təkmilləşdirəcəyik və vətəndaşların istifadəsinə verəcəyik”.
Hazırda Bakıda cəmi 2500-ə yaxın avtobus çalışır və onların yeni sistemlə əhatə olunması prosesinin 2014-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.