“Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir:
“Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı – görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.
Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır:
“Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq.
Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Onu da qeyd etməliyəm ki, postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq: “Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq”.
İlham Əliyev bildirib ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir:
“Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər.
Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”.