İlham Əliyev: Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə təbii ehtiyatlarını dünyaya çatdıra bilir

İlham Əliyev: Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə təbii ehtiyatlarını dünyaya çatdıra bilir“Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük İyirmiliyin” Antalya sammiti çərçivəsində keçirilən işçi lançda çıxışı zaman deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə ilə birgə mühüm energetika layihələrini çox uğurla həyata keçirir: “Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir. Sonradan XX əsrin ortalarında Abşeronda neft hasil olunmağa başladı. İndi XXI əsrdə biz Cənub Qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizini birləşdirən layihəni nəzərdə tuturam. Bu tarixdə ilk hadisədir. Həmçinin, Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də, biz təkcə neft deyil, həm də qaz ixracatçısı ölkəsinə də çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir. Məlum olduğu kimi, Xəzər dənizinin Dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq sayəsində bizə bu layihələri həyata keçirməyə imkan verib. Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Həmçinin Böyük Britaniyanın baş naziri Kemerona təşəkkür etmək istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur kİ, Azərbaycanda ən böyük sərmayədardır. Və bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək”.

Dövlət başçısı vurğulayıb ki, qırx beş milyard dollar həcmində olan sərmayələr Xəzər dənizi sahilində hasil edilən qazın nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək: “Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökümətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz həmin əlaqələndirmənin, əməkdaşlığın artıq nəticələrini görürük. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil – halbuki, bu əhəmiyyətlidir – həm də, mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək və Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bütün məqsədlərə nail olmaq üçün biz bütün tərəflər üçün əlverişli vəziyyəti yaratmalıyıq. Çox sağ olun”.

Qeyd edək ki, “Böyük İyirmiliyin” Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı qısa söhbətləri olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO