Azərbaycan Demokrat Partiyasının sədri siyasi birliklərdə və bloklarda vətəndaş cəmiyyəti institutlarının tərəfdaş kimi təmsil olunmasını məqsədəuyğun hesab etmir.
ADP sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, vətəndaş cəmiyyəti institutlarının siyasi partiyalar ilə hər hansı bir sıx əməkdaşlığı, yəni siyasi blok yaratması həm siyasi partiyaların, həm vətəndaş cəmiyyəti institutlarının, həm də bütünlükdə xalqın əleyhinədir: “Bunu kim başa düşmürsə, bu, onun öz problemidir. Bu gün istər İctimai Palatanın, istər Milli Şuranın da iflasa uğramasının səbəbi QHT-lərlə siyasi təşkilatların müttəfiqliyidir. Yəni, problemlərin hamısı bundan qaynaqlanır”.
S.Cəlaloğlu hesab edir ki, vətəndaş cəmiyyəti institutlarının funksiyaları ilə siyasi partiyaların funksiyaları tamamilə bir-birindən fərqlidir: “Misal üçün, tutaq ki, əl yazmaq üçündür, ayaq yerimək. Əgər əl ilə ayaq birləşdirilsə, nə əl yaza bilər, nə də ayaq yeriyə bilər. Buna demokratiyada funksiyaların qarışmağı deyirlər. Yəni, bu cür olanda cəmiyyətdə qeyri-müəyyənlik olur.
Misal üçün, tutaq ki, bu gün hər hansı QHT gedib siyasi partiya ilə mitinq haqqında qərar verir. Həmin mitinqin nəticəsində də 5-6 nəfər tutulur. Həmin QHT-nin vəzifəsi insan hüquqlarını müdafiə etməkdirsə, o artıq o funksiyanı yerinə yetirə bilmir, çünki o, artıq həmin qərarı verən tərəf kimi çıxış edir. Lakin QHT hökumət ilə müxalifət arasındakı münasibətlərdə 3-cü tərəf kimi çıxış etməlidir. Burada isə o, tərəf kimi çıxış edə bilmir və buna görə də müxalifətin mövqeyini müdafiə etməyə məcburdur. Beləliklə, onun müdafiəsi artıq QHT kimi yox, bir siyasi partiyanın nümayəndəsinin müdafiəsi kimi meydana çıxır. Bu isə demokratiya prinsiplərinə ziddir”.
ADP sədrinin fikrincə, QHT-lər siyasi partiyalardan elə məsafədə durmalıdırlar ki, öz funksiyalarını yerinə yetirə bilsinlər: “Ona görə də mən son 20 ildə siyasi proseslərin zəifləməsinin səbəblərindən birini bunda görürəm. Misal üçün, bir yazıçı, bir sənət adamı gəlir, tutaq ki, Rüstəm İbrahimbəyov, bu adamın politologiya, siyasi fəlsəfə ilə bağlı heç bir məlumatı yoxdur və gəlir bir qərar verir. Qərarı təhlil edəndə məlum olur ki, bu qərar heç bir siyasi fəlsəfəyə əsaslanmır. Tamamilə subyektiv, emprik, özündən düşünülmüş, qeyri-siyasi qərardır. Bunun da nəticəsində Milli Şuranın indiki taleyi çıxır meydana. Və yaxud da Milli Şurada təmsil olunan QHT-lərin nümayəndələri biri yazıçı çıxır, biri şair çıxır, müəyyən bir mövqe qoyur ortaya, başqaları onun yazıçı, şair kimi mövqeyinə hörmət əlaməti olaraq susur və nəticədə siyasi blokun qərarı qeyri-siyasi insanın düşüncələrindən formalaşır”.
S.Cəlaloğlu vurğulayıb ki, bu, Azərbaycan müxalifətində çox ciddi demokratik problemdir.