Mərkəzi Seçki Komissiyasının (MSK) «Media Forum» saytına prezidentliyə namizədlərin ödənişli reklamlarının yerləşdirilməsinə icazə verməməsi qanunsuzdur.
MSK hesab edir ki, sayt xarici təşkilat olan «İnternyus Azərbaycan»ın layihəsi əsasında yaradılıb və seçkilərdə siyasi reklam verə bilməz. «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənovun rəyində bildirilir ki, «İnternyus Azərbaycan» İctimai Birliyi xarici hüquqi şəxs deyil. Bu təşkilat qanunvericiliyə uyğun olaraq ictimai birlik kimi dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikasının hüquqi şəxsidir. Təşkilat «Media forum» saytında da seçkiqabağı təşviqat materiallarının xarici vəsait hesabına deyil, prezidentliyə namizədlərin, yəni Azərbaycan Respublikası vətəndaşlarının vəsaitləri hesabına yerləşdirilməsi nəzərdə tutur. Media Hüquq İnstitutunun nümayəndəsi Xalid Ağaliyevin rəyində bildirilir ki, Seçki Məcəlləsi təşviqatın aparılmasını aydın şəkildə təsbit edib:
«Media forum» Azərbaycanda qeydiyyatdan keçmiş, təsisçiləri Azərbaycan vətəndaşları olan təşkilatın saytıdır. Bu təşkilat kommersiya qurumu deyil ki, onun hansısa nizamnamə kapitalından bəhs edilsin. Həmin subyektlər sırasına daxil edilsə belə, təşviqat aparmağın yasaqlanması qanuni deyil, çünki qanunvericilik yardım etməyi yasaqlayır, sayt isə hansısa namizədə yardım etmək niyyətində deyil. Məcəllənin tələblərinə uyğun şəkildə öncədən elan etdiyi tariflərə uyğun olaraq maliyyə qarşılığında namizədlərin təşviqatını aparacaq».