Avropalıların 80 faizindən çoxu həddən artıq çirklənmiş hava ilə nəfəs alır. Bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) regional bürosu məlumat vermişdir. Büronun məlumatlarına görə, çirkli hava Avropanın hər bir sakinini ömrünün orta hesabla 8,6 ayından məhrum edir.
DST havanın çirklənməsinin təsiri ilə bağlı aparılan tədqiqatların nəticələrini açıqlamışdır. Həmin nəticələr ölkələrin bu istiqamətdə daha qətiyyətli siyasət aparmasının vacibliyini göstərir.
DST-nın dəstəyi ilə aparılmış tədqiqatların müəllifləri ehtimal edirlər ki, kiçik hissəciklərin (PM2.5) uzunmüddətli təsiri atreskleroza, doğuş zamanı ağırlaşmalara və uşaqlarda respirator xəstəliklərinə səbəb ola bilər. Havanın çirklənməsinin sağlamlığa təsiri ilə bağlı hazırlanmış xülasədə kiçik hissəciklərin nevroloji inkişafa, koqnitiv funksiyalara və diabetə də təsirinin mümkünlüyü əksini tapmışdır.
Müəlliflər Avropa ölkələrinə ozonun orta uzunmüddətli konsentrasiyası üçün normaları, həmçinin yanma prosesi zamanı yaranan, zəhərli qaz olan azot dioksidin (NO2) miqdarı üçün DST-nın yeni normalarını işləyib hazırlamağı tövsiyə edirlər.
Tədqiqatların nəticələri ilə bağlı tam texniki hesabat bu ilin yazında nəşr ediləcəkdir.
www.azertag.com