Azərbaycanda 60-a yaxın vakant hakim yeri üçün cümə axşamı keçirilən test imtahanlarının nəticələri açıqlanıb. Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Trend News-a bildirib ki, imtahanda iştirak etmiş 438 namizəddən 213 nəfəri 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək imkanı qazanıb. Namizədlərin cavab kartları imtahandan dərhal sonra yoxlanılıb və auditoriyada elan olunub.
Bakı İdman Sarayında vahid auditoriyada 440-dək hakimliyə namizədin iştirak etdiyi imtahan Hakimlərin seçki Komitəsi (HSK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə təşkil olunub. İmtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların yoxlanılması imtahan keçirilən zalda namizədlərin və müşahidəçilərin qarşısında həyata keçirilir.
HSK tərəfindən hazırlanmış 1000-dən çox test sualları blankından təsadüfi yolla 10 variantda sual blokları seçilib. Sonra hakimliyə namizədlərdən biri həmin sual bloklarından birini seçib və həmin sual bloku çoxaldılaraq hakimliyə namizədlərə paylanılıb. HSK sədri İman Nağıyev jurnalistlərə bildirib ki, namizədlər 4 saat müddətində 100 sualı cavablandırmalıdır. Sualların böyük əksəriyyəti isə cinayət və mülki hüquq sahəsinə aiddir.
Düzgün cavabların hər biri 1 bal qiymətləndiriləcək, 60 və daha çox bal toplayan namizəd müsabiqənin ikinci mərhələsində iştirak hüququ qazanacaq. İmtahanın nəticəsindən narazı qalan namizədlərə 5 gün müddətində apellyasiya şikayəti vermək imkanı yaradılıb. Bundan sonra uğur qazanmış namizədlərlə müsabiqənin yazılı imtahan mərhələsi keçirilək.
İmtahanların gedişi 30-dək beynəlxalq və yerli QHT nümayəndələri tərəfindən müşahidə olunub. HSK tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunublar.