İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycanın 4 rayonunun polis şöbəsində monitorinq keçirib. Komitə sədri Elçin Behbudov APA-ya deyib ki, təmsil etdiyi qurum Beyləqan, Biləsuvar, İmişli və Salyan rayonlarının polis şöbələrinin müvəqqəti saxlama məntəqələrində monitorinq aparıb. Hüquq müdafiəçisinin sözlərinə görə, digər 3 rayondan fərqli olaraq, Salyan rayon Polis Şöbəsində şikayətlə qarşılaşıblar. Belə ki, təcridxanada saxlanılan 8 təqsirləndiriləndən 6 nəfəri rayon polis şöbəsinin keçmiş rəis müavini Mirzağa Qafarov tərəfindən işgəncəyə məruz qaldıqlarını deyiblər. E. Behbudov bildirib ki, monitorinqin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə sənəd göndəriləcək.