Trend-in Kəpəz TV-yə istinadən verdiyi xəbərə görə, körpü ətraf kəndlərlə rayon mərkəzinin əlaqəsini möhkəmləndirməklə yanaşı, qonşu Şəmkir rayonuna gediş-gəlişi də asanlaşdıracaq. Körpünün yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.
Yaz fəslinin gəlişi ilə Gədəbəydə tikinti-quruculuq işləri sürətləndirilib. Rayon mərkəzi ilə yanaşı, kəndlər də abadlaşdırılır. Rayonun giriş hissəsində uzun müddətdən bəri qəzalı vəziyyətdə olan körpü keçidinin təmiri də görülən işlər sırasına daxildir.
Sərt döngədə və qəzalı körpüdə yol-nəqliyyat hadisələri qaçılmazdır. Təkcə ötən il bu körpüdən 3 avtomobil aşıb. Nəticədə 5 nəfər dünyasını dəyişib.
Əvvəlki körpü keçidinin uzunluğu 96, hündürlüyü 84 metr, eni isə 14 metr olub. Yeni körpü keçidinin uzunluğu və eni isə əvvəlkindən fərqlənəcək. Bu isə sürücülərin rahat və təhlükəsiz hərəkətinə şərait yaradacaq.
Gədəbəy rRyon İcra Hakimiyyətindən verilən məlumata görə, Çolpan çayı üzərində yerləşən körpü yaxın vaxtlarda istismara veriləcək. “Körpü demək olar ki, tam qəzalı vəziyyətdədir. Körpüdə bir il bundan öncə təmir işləri aparılsa da, problem aradan qalxmadı.
Körpüdə bədbəxt hadisə gözlənilirdi. Hazırda həmin körpü yeni, müasir körpü ilə əvəz olunacaq”, – Gədəbəy rayon İH başçısının birinci müavini Qüdrət Paşayev deyib.
Qeyd edək ki, Gədəbəy rayonunda kənd yollarının təmiri və yaşayış məntəqələrinin qazlaşdırılması da diqqət mərkəzindədir. Hazırda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu abadlaşdırılır, eləcə də 8 kəndin qazlaşdırılması istiqamətində iş aparılır.