15 oktyabr prezident seçkilərində səsvermənin nəticələrinə görə altıncı olmuş Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Lent.az-a müsahibəsi
– Mərkəzi Seçki Komissiyasının (MSK) seçkinin nəticələri ilə bağlı açıqladığı rəqəmlər Sizi nə dərəcədə qane etdi?
– Faiz baxımından baxsaq, əlbəttə, 0,8% azdır. Amma topladığımız səslərin sayı 29 minə yaxındır. Bu qədər səs bizim partiya və mənim üçün normaldır. Çünki ilk dəfədir partiyamız və mən bu cür böyük seçkidə iştirak edirdik. 2003-cü ilin prezident seçkilərində Xalq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı da 0,8% səs toplamışdı. Təbii ki, seçkiyə qələbə qazanmaq üçün iştirak edirdik. Ancaq təəssüf ki, seçicilər başqa cür fikirləşərək, iqtidarın namizədinə səs verdilər. Biz də elan etdiyimiz kimi, bu nəticəni qəbul edirik.
– Seçki təbliğat-təşviqat kampaniyasına nə qədər vəsait xərclədiniz?
– MSK-nın ayırdığı 28 800 manatı xərclədik.
– 3%-lik baryeri aşa bilmədiyinizə görə həmin vəsaiti qaytaracaqsınızmı?
– Sözsüz ki, bu məsələni qanun çərçivəsində həll edəcəyik. Əgər Seçki Məcəlləsində yazılıbsa ki, bu pul qaytarılmalıdır, deməli, qaytaracağıq.
– Necə hesab edirsiniz, bu seçkilərdə iştirakla Sizin və ALDP-nin qazancı nə oldu?
– Partiyanın qazancı o oldu ki, ALDP-nin 6 min üzvü var idisə, ümumilikdə tərəfdarlarının sayını 29 minə yaxın çatdırmışıq. Bu, bizim üçün müsbət nəticədir. Təbliğat-təşviqat kampaniyası aparmaq üçün vaxt az idi. Vaxtımız bir qədər çox olsaydı, yəqin platformamızla bağlı daha ətraflı danışa bilərdik. Onda daha çox səs qazanardıq.
– Sizin fikrinizcə, Azərbaycanda neçə partiya liberal dəyərlərin daşıyıcısı adına iddia edə bilər?
– Bu gün ideoloji baxımdan bir neçə partiya liberal yönümlüdür. Bu sözləri hətta Yeni Azərbaycan Partiyası haqqında da demək olar. Onların iqtisadiyyatla bağlı qərarlarına diqqət yetirsək, əksərinin liberal yönümlü olduğunu görərik. Müsavat Partiyası isə artıq keçən ildən ideoloji xəttini dəyişərək, daha çox liberal partiyaya çevrilib. Böyük Quruluş Partiyasının sədri də liberal dəyərləri üstün tutduğunu bəyan edib.
– Bundan sonrakı fəaliyyət istiqamətinizi necə quracaqsınız? Ənənəvi müxalifətlə əməkdaşlıq edəcəksinizmi?
– Keçən həftə ALDP Sədr Aparatının iclasında partiyanın bələdiyyə seçkilərinə hazırlaşması barədə qərar verilib. Ancaq qeyd olunan partiyalarla bizim əməkdaşlıq etmək fikrimiz yoxdur. Əgər seçkiyə qatılmayan partiyalar seçkinin nəticələrini tanımamaqla bağlı qərarlarını dəyişsələr, danışıqlar aparıb, əməkdaşlıq edə bilərik. Hər halda, bu gün bu məsələ gündəmdə deyil.
– Radiolardan biri seçki qərargahınızdan reportaj hazırlamaq istəyərkən qərargahı tapa bilməmiş, sonra isə prezidentliyə namizəd kimi vəkilinizin alma satdığı barədə xəbər yaymışdı. Bununla bağlı nə deyə bilərsiniz?
– Qərəzli yanaşma idi və belə fikirlərə münasibət bildirmək istəmirəm.