Fransa Milli Assambleyasında dünən assambleyanın binasında iki azərbaycanlının döyülməsi ilə əlaqədar insidenti qınayan bəyanatla bağlı imza toplanılır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.
İmzatoplama assambleyada Azərbaycanın dostları tərəfindən təşkil edilib.
“Hazırda parlament və icra hakimiyyəti tərəfindən baş vermiş hadisələrin qiymətləndirilməsinə çalışırıq”, – səfir bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi bununla kifayətlənmək niyyətində deyil və günahkarların məsuliyyətə cəlb edilməsinə çalışacaq.
Səfirlik, həmçinin Fransa XİN tərəfindən rəsmi reaksiya gözləyir.
“Düşünürəm ki, sabah XİN-in reaksiyasını əldə edəcəyik”, – diplomat deyib.