“Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinə təqdim olunub


Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə Ümumdünya Gömrük Təşkilatının birgə həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət” və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihələri çərçivəsində “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsinin, eləcə də müxtəlif avadanlıqların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim olunması ilə bağlı xüsusi mərasim keçirilib.
Tren-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Gömrük Komitəsindən bildirilib.
Mərasimdən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Sıçovu və proqram koordinatoru Qalina Fomaidini qəbul edib.
Görüşdə DGK sədri Aydın Əliyev avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına münbit şərait yaratdığını, gömrük prosedurlarının və potensialının güclənidirilməsi üzrə planlaşdırılan fəaliyyətin inkişafına layiqli töhfə verdiyini xüsusi olaraq vurğulayıb.
Aydın Əliyev Gömrük Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunub və qeyd edib ki, hazırda bütün gömrük keçid məntəqələri yenidən qurulub.
Görüşdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Sıçov müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib və bu inkişafın nəticəsi olaraq Azərbaycan Gömrük Xidmətinin bir sıra ölkələrə, o cümlədən Əfqanıstan kimi qeyri-sabit bir bölgəyə etdiyi təmənnasız yardımları yüksək qiymətləndirib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin “Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı layihəsi çərçivəsində isə Dövlət Gömrük Komitəsinə “Ford Ranger” markalı xüsusi nəqliyyat vasitəsi, CT30 KİT markalı baxış komplekti, kimyəvi maddələrdən müdafiə üçün vasitələr, naviqasiya cihazı (GPS), prekursorların müəyyən edilməsi üzrə komplektlər təhvil verilir. Sözügedən nəqliyyat vasitəsi və avadanlıqlar DGK mobil qruplarının narkotik vasitələrin hazırlanmasında istifadə oluna bilən və qaçaqmalçılıq yolu ilə keçirilən prekursorları aşkarlamaları və qanunsuz dövriyyədən çıxarmaları üçün nəzərdə tutulmuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO