Bakı şəhəri Nərimanov rayonunda yerləşən S.Xasıyev adına parkda Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festival keçirildi və bununla bağlı “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında keçirilən aksiyaya start verildi. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Gənclərin İnkişafı” İctimai Birliyinin və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə keçirildi.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən keçirilən festivalın məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Belə ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir.
Tədbiri giriş sözü ilə açan İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova çıxışında nəzərə çatdırdı ki, “Fiziki passivlik dünyada baş verən ölüm hadisələrinin ən əhəmiyyətli risk faktorlarından biri hesab edilir”. Onun sözlərinə görə, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya, osteoporoz kimi bir sıra xroniki xəstəliklərin profilaktikasında rolu var. A.Rəşidova: “Hər gün ən azı 60 dəqiqə ərzində fiziki aktiv olmaqla siz həyatınızda daha böyük nailiyyətlər əldə edəcəksiniz! Sadəcə 60 dəqiqə!” sonda qeyd etdi.
Gənclər və İdman Nazirliyinin nümayəndəsinin sözlərinə əsasən, fiziki aktivlik gənclərimizin həyatında önəmli bir amilə çevrilməlidir.
Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi öz çıxışında bu cür tədbirlərin tez-tez keçirilməsi və əhəmiyyəti haqqında söz açdı.
İki saat davam edən festivalda məktəb şagirdlərinin iştirakı ilə fiziki aktivliklə bağlı bir sıra müsabiqələr keçirildi. Sonda birinci yeri tutan qalib komanda hədiyyələrlə təltif olundu.
Nəzərə çatdıraq ki, “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında keçirilən aksiya çərçivəsində bir neçə məktəbdə şagirdlərarası, həmçinin ofis şəraitində işləyənlər üçün maarifləndirmə işləri planlaşdırılır. Kampaniya zamanı hədəf auditoriya sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistematik yanaşma haqqında biliklər əldə edəcəklər. Həmçinin aksiya zamanı iştirakçılara kampaniya çərçivəsində hazırlanan maarifləndirici buklet, təqvim, bloknot və plakatlar paylanılacaq.
Sağlam olun ki, qalib olasınız!