Fəzail Ağamalı: Qərbin və ABŞ-ın Türkiyəyə demokratiyadan dərs keçmək cəhdi yersizdir


“Türkiyə oturuşmuş demokratik bir ölkədir. Qərbin və ABŞ-ın Türkiyəyə demokratiyadan dərs keçməsi, ona örnək vermək cəhdi yersizdir və buna onların heç bir mənəvi haqqı çatmır”. Bunu Trend-ə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son günlar beynəlxalq qüvvələrin Türkiyəyə təzyiq cəhdini şərh edərkən deyib.

F.Ağamalı bildirib ki, Türkiyə bu günə qədər həmin demokratik prinsipləri rəhbər tutaraq, insan haqlarının fundamental prinsiplərini birmənalı şəkildə öz siyasətində əsas götürərək, söz, mətbuat azadlığına geniş imkan verərək dünyaya özünü təsdiq etmiş ölkədir: “Ona görə də bu gün Türkiyədə tutulan insanların guya mətbuatla bağlı tutulmasını bəyan etməyin heç bir əsası yoxdur. Bununla bağlı Türkiyənin rəsmi dairələri açıqlama verdilər və həmin açıqlamalar kifayət qədər mötəbər səviyyədə səsləndirildi, kifayət qədər arqumentlər irəli sürüldü və bəlli oldu ki, həmin insanlar mətbuatda işlədiklərinə görə, jurnalist fəaliyyətinə görə, yəni mətbuatla bağlı olduqlarına görə istintaqa cəlb olunmayıblar. Ola bilsin ki, bunların əməllərində Türkiyə dövlətinə ciddi təhlükələr olduğuna görə Türkiyə dövləti bu addımı atıb və Avropanın da, ABŞ-ın da Türkiyəyə qarşı bu cür mövqeləri əslində təzyiq xarakteri daşıyır. Bu, Türkiyəni getmiş olduğu xarici siyasətdən onu döndərməyə və Avropanın, ABŞ-ın əlində digər ölkələr kimi vasitəçi bir dövlətə çevirmək cəhdindən başqa bir şey deyil”.

Deputat qeyd edib ki, bu, Avropanın, ABŞ-ın Türkiyəyə qarşı ikili standartlarının konkret ifadəsidir: “Çox təəssüflər olsun ki, biz uzun müddətdir bu təzyiqlərin içərisində yaşayırıq, Azərbaycana da bu cür ikili standartlar tətbiq olunur”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO