Bakı şəhərinin Badamdar qəsəbəsindəki sürüşmə zonasında stabillik yaranıb. Bu açıqlamanı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov verib. O bildirib ki, hazırda Bakının Səbail rayonu ərazisindəki sürüşmə zonasında ciddi təhlükə yoxdur. Onun sözlərinə görə, qar əriyən kimi həmin ərazidə bərpa işlərinə başlanacaq: “Bərpa işləri əsasən ətraf ərazilərdə aparılacaq. Ona görə də oradakı əhalinin köçürülməsinə ehtiyac yoxdur”.
Respublikanın digər sürüşmə zonalarındakı vəziyyətə gəlincə, B. Qaralov qeyd edib ki, həmin ərazilərdə aktivlik adətən qar əriyəndən sonra olur: “Hazırda sürüşmə ərazilərində hansısa bir aktivləşmə yoxdur”.
Apa.az