Çernobıl qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsəd və vəzifələri
Bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir.
Maddə 2. Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi [1]
Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi ilə bağlı münasibətlər bu Qanunla, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. [2]
Maddə 3. Vətəndaşların zərərin əvəzini, kompensasiyalar və güzəştlər almaq hüququ
Azərbaycan Respublikasının vətəndaşları Çernobıl qəzası nəticəsində onların səhhətinə dəymiş zərərin tam əvəzini almaq, güzəştli tibbi xidmətdən istifadə etmək, radioaktiv maddələrlə çirklənmiş ərazidə işə görə kompensasiya və güzəştlər almaq hüququna malikdirlər.
Maddə 4. Kompensasiyaların və güzəştlərin müəyyən edilməsi
Bu Qanunda Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlara verilən pul kompensasiyalarının növləri, miqdarı və güzəştlər müəyyən edilir.
Bu Qanunda nəzərdə tutulmayan pul və digər kompensasiyaların miqdarı və güzəştlər, əkər başqa qayda nəzərdə tutulmayıbsa, respublika hökuməti tərəfindən müəyyən edilir.
II. ÇERNOBIL QƏZASI NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKMİŞ
VƏTƏNDAŞLARIN STATUSU
Maddə 5. Vətəndaşların kateqoriyaları
Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslər, o cümlədən:
a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər;
b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər;
v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər);
q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər.
Maddə 6. Şüa xəstəliyinə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslərə , əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara kompensasiyalar və güzəştlər [3]
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
1. Həkim reseptləri üzrə dərman almaq və ildə bir dəfə müalicə olunmaq üçün (nəqliyyat xərcləri daxil olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət almaq. [4]
2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) düzəltdirmək. [5]
3. Fasiləsiz əmək stajından asılı olmayaraq, müvəqqəti əmək: qabiliyyətini itirməyə görə axırıncı iş ilindəki orta əmək haqqı məbləğində müavinət almaq.
4. Əmək qabiliyyətini müvəqqəti itirmiş işləyən əlillərə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 4 ay dalbadal, yaxud bir təqvim ilində 5 aya qədər müavinət verilir.
5. Əkər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan. hesab edilərsə, ərizə verdiyi kündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq.
6. (Çıxarılıb) [6]
7. Tibbi göstəricilərə əsasən azmaaşlı işə keçirilərkən əvvəl ki maaşla yeni maaş arasındakı fərqi almaq. Bu fərq əmək qabiliyyəti bərpa edilənədək, yaxud əlillik və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu müəyyənləşdirilənədək iş yerində ödənilir. [7]
8. Beş günlük iş həftəsində tam iş gününün haqqını almaqla 6 saatlıq iş günü müəyyən edilməsi. Onlar üçün əlverişli vaxtda məzuniyyət verilməsi. [8]
9. (Çıxarılıb) [9]
10. Növbədənkənar telefon çəkdirmək.
11. İşçilərin sayının və ya ştatının ixtisarı zamanı kollektiv müqavilənin və ya əmək müqaviləsinin (kontraktın) şərtləri ilə müəyyən olunmuş qaydada əmək münasibətlərini saxlamaq. [10]
12. Mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq ortaqlıqlarına (kooperativlərinə) ilk növbədə daxil olmaq, hazır bağ evlərini və ya onları tikmək üçün materialları, yüksək tələbat olan sənaye mallarını, o cümlədən minik avtomobillərini, motosikletləri və mühərrikli qayıqları ilk növbədə almaq, məişət xidməti, nəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı müəssisələrinin, rabitə təşkilatlarının xidmətindən ilk növbədə istifadə etmək.
13. Müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən ilk növbədə istifadə etmək.
14. Pensiyaya çıxdıqda və ya iş yerini dəyişdikdə əvvəllər təhkim olunduğu poliklinikaların xidmətindən istifadə etmək.
15. Təhsil alarkən hökmən yataqxana və təqaüdlə təmin edilmək.
16. İdarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbə qədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada yerlə hökmən təmin edilməsi. [11]
17. Fərdi mənzil tikintisi üçün növbədənkənar torpaq və bağ sahələri almaq.
18. Tibbi şəhadətnaməyə əsasən ahıllar , əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün internet və xüsusi təhsil müəssisələrində üstün qaydada yerlə təmin edilmək. [12]
19. Sahibkarlıq fəaliyyətinin təşkili və kəndli təsərrüfatı yaratmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kreditlər almaq.
20. (Çıxarılıb) [13]
Maddə 7. Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları üçün kompensasiya və güzəştlər
1986-1990-cı illərdə bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilən işlərdə iştirak etmiş şəxslər 6-cı maddənin 1—3, b, 7, 12, 14—20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, həmçinin aşağıdakı hüquqlara malikdirlər:
1. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı əmələ kələn xəstəlik və ya xəsarət nəticəsində dəymiş və əmək qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarmış zərər fəhlə və qulluqçulara öz əmək vəzifələrini yerinə yetirərkən dəymiş zərərin ödənilməsi halları üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
2. (Çıxarılıb) [14]
3. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilmək.
4. İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla). [15]
Maddə 8. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etmiş şəxslərin vəsiqəsi
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndinin “a”, “b” və “v” yarımbəndlərində və 2-ci bəndində göstərilən şəxslərə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi iştirakçılarının vəsiqələri verilir, Qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilmiş şəxslərə isə Slavutiç şəhərinin tikintisində iştirak etmiş və şüadan müəyyən qədər zərər çəkmiş digər şəxslərin vəsiqəsi verilir. həmin vəsiqələr Qanunda nəzərdə tutulmuş güzəşt hüquqlarını təsdiq edən sənəddir.
Maddə 9. Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslərə kompensasiya və güzəştlər
Bu Qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilən şəxslər 6-cı maddənin 11, 14—16, 19, 20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, habelə aşağıdakı hüquqlara malikdirlər:
1. Yeni yaşayış yerlərində müvafiq dövlət orqanları tərəfindən peşələrinə və ixtisas dərəcələrinə uyğun şəkildə ilk növbədə işlə təmin olunmaq. Bu cür işlə təminetmə mümkün olmadıqda, həmin orqanlar arzularını nəzərə almaqla onları başqa işlə təmin etməli, yaxud təhsil müddətində “Əhalinin məşğulluğu haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə təqaüd verməklə yeni peşə (ixtisas) öyrənmək imkanı yaratmalıdırlar.
2. Fərdi ev tikmək üçün torpaq sahələri almaq.
3. Uşaqlarının məktəbəqədər uşaq tərbiyə müəssisələrində, idarə tabeliyindən asılı olmayaraq müalicə və sanatoriya tipli xüsusiləşdirilmiş uşaq müəssisələrində, digər sağlamlaşdırma müəssisələrində yerlə təminatında üstünlükdən istifadə etmək.
4. Uzun müddət istifadə olunan mallarla təminatda üstünlükdən istifadə etmək.
Maddə 10. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etmiş şəxslərin pensiya təminatı
Bu Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilən şəxslərin pensiya təminatı məsələləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda” və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 19 və 23-cü maddələrində nəzərdə tutulmuş qaydada həll olunur. [16]
Maddə 11. Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardımın və onların radiasiya mühafizəsinin təşkili
Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər, habelə onların qəzadan sonrakı dövrdə radioaktiv şüalanmanın dolayı təsir göstərə biləcəyi şəraitdə doğulmuş uşaqları xüsusi tibbi müşahidə altında (dispanserləşdirmə) olmalıdırlar.
Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi və onların dispanser müşahidəsi yaşayış və ya iş yeri üzrə səhiyyə müəssisələri tərəfindən, həmin şəxslərə ixtisaslaşdırılmış tibbi xidmət göstərilməsi isə səhiyyə müəssisələri tərəfindən həyata keçirilir. Belə səhiyyə müəssisələrinin siyahısı, habelə tibbi yardım göstərilməsi və dispanserləşdirilmə keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sağlamlıq imkanlarının məhdudluğu və ya əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, müvafiq olaraq sağlamlıq imkanlarının məhdudluğu 18 yaşı tamam olana qədər və ya əlillik müddətsiz müəyyən edilir. [17]
Vətəndaşların öz əmək qabiliyyətini qismən və ya tamamilə itirməsinə Çernobıl qəzasının səbəb olduğu o halda etiraf edilmiş sayılır ki, həkim-əmək ekspert komissiyası (HƏEK.) belə bir səbəbin olduğunu təsdiq edir.
Maddə 12. Uşaqların və yeniyetmələrin sosial müdafiəsi, tibbi təminatı və sağaldılması
Köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə-uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı; il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların sosial müdafiəsi, tibbi təminatı və sağaldılması üçün aşağıdakı əlavə güzəştlər verilir:
1. Valideynlərdən birinin, yaxud onu əvəz edən şəxsin işlədiyi müəssisənin, idarənin və ya təşkilatın, yaxud sosial təminat orqanlarının hesabına müvafiq profilli sanatoriyalarda, o cümlədən “Ana və uşaq” sanatoriyalarında tibbi şəhadətnamə üzrə sanatoriya-kurort müalicəsi almaq.
2. (Çıxarılıb) [18]
3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həkim reseptləri üzrə dərman almaq və ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla). [19]
4. (Çıxarılıb) [20]
5. Uşaqlar və yeniyetmələr qan yaradan orqanların xəstəliyi (kəskin leykozlar), qalxanvari vəzilərin xəstəliyi (adenomlar, xərçəng) hallarında, yaman şişlərin əmələ gəldiyi hallarda nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdirlər.
6. Tam həcmdə təqaüd almaq və tam dövlət təminatı şərtilə texniki-peşə məktəblərində təhsil almaq.
7. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, hər uşaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir. [21]
8. 14 yaşınadək uşaqların valideynlərindən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə orta əmək haqqının 100 faizi həcmində xəstəlik vərəqəsi ödənilir.
9. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sırasından olan qadınlara hamiləlik dövründə ixtisaslaşdırılmış səhiyyə ocaqlarında sağlamlaşdırılmaq üçün putyovka, və hamiləliyə və doğuşa görə qanunvericiliklə müəyyən edilmiş məzuniyyət verilir. Uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. Hamilə qadınlar müəyyən edilmiş normalar üzrə əlavə qida ilə təmin edilirlər. [22]
Maddə 13. Bu Qanunda nəzərdə tutulmayan əlavə güzəştlər haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri və baş idarələri, yerli icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar, həmkarlar ittifaqları bu Qanunun şamil edildiyi şəxslərin ərzaq və sənaye malları ilə təminatı, maddi-məişət şəraitinin yaxşılaşdırılması, onlara səhiyyə, ticarət və nəqliyyat xidməti üzrə əz səlahiyyətləri çərçivəsində əlavə tədbirlər görə bilərlər.
III. ÇERNOBIL QƏZASININ SƏHHƏTƏ VURDUĞU ZİYANA GÖRƏ
VERİLƏN KOMPENSASİYA
Maddə 14. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya [23]
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir:
I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara —minimum əmək haqqının 30 misli məbləğində;
II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara —minimum əmək haqqının 20 misli məbləğində;
III qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara —minimum əmək haqqının 15 misli məbləğində.
Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. [24]
Çernobıl qəzası nəticəsində başçısını itirmiş ailələrə minimum əmək haqqının 10 misli məbləğində, həlak olanın valideynlərinə isə minimum əmək haqqının 5 misli məbləğində birdəfəlik kompensasiya verilir.[25]
Səhhətinə vurulmuş ziyana görə əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara, və başçısını itirmiş ailələrə birdəfəlik kompensasiya Azərbaycan Respublikasının büdcəsi hesabına verilir. [26]
Maddə 15. 1986-1990-cı illərdə Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə kompensasiya
Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilən şəxslərə müalicə üçün minimum əmək haqqının 3 misli məbləğində birdəfəlik maddi yardım göstərilir.
IV. ÇERNOBIL QƏZASININ LƏĞVİNDƏ İŞTİRAK ETMİŞ
VƏ QƏZA NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKMİŞ ŞƏXSLƏRİN İCTİMAİ BİRLİKLƏRİ
Maddə 16. (Çıxarılıb) [27]
V. QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 17. Çernobıl qəzası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 6 dekabr 1993-cü il.
¹ 762.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 iyun 1997-ci il tarixli 319-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 451)
2. 23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 293)
3. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731)
4. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736)
5. 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 507)
6. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401)
7. 17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 561)
8. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1078)
9. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 2-ci maddədə “Əlillər” sözü “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və” sözləri ilə əvəz edilmişdir.
[2] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 2-ci maddədə “Vətəndaşların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilmişdir.
[3] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə adında “və əlillərə” sözləri “, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri ilə əvəz edilmişdir, 4-cü bənddə “əlillərə” sözündən sonra “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilmişdir.
[4] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 6-cı maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Pulsuz dərmanla (həkim resepti üzrə), hər il sanatoriya kurort müalicəsi ilə təmin olunmaq, yaxud putyovkanın dəyəri məbləğində pul kompensasiyası almaq.
[5] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 6-cı maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
2. Diş protezlərini pulsuz düzəltdirmək və təmir etdirmək (qiymətli metallardan olan protezlərdən başqa).
[6] 13 iyun 1997-ci il tarixli 319-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 451) ilə 6-cı maddənin 6-cı bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
6. Yaşadığı mənzil sahəsi (qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş normada) haqqının 50 faizini ödəmək; bu hüquq bunlarla birgə yaşayan ailə üzvlərinə də şamil edilir. Göstərilən şəxslər və vəfat edənlərin ailələri istilikdən, su kəmərindən, qazdan və elektrik enerjisindən istifadə üçün müəyyən olunmuş haqqın 50 faizi miqdarında, mərkəzdən qızdırılmayan evlərdə yaşayanlar isə əhaliyə satış üçün müəyyənləşdirilmiş norma çərçivəsində yanacaq alarkən onun qiymətinin 50 faizi miqdarında güzəştdən istifadə edirlər.
[7] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 7-ci bənddə “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu” sözləri əlavə edilmişdir.
[8] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 507) ilə 6-cı maddənin 8-ci bəndinin ikinci cümləsindən “azı 45 təqvim günü müddətində” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Onlar üçün əlverişli vaxtda azı 45 təqvim günü müddətində məzuniyyət verilməsi.
[9] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə 6-cı maddənin 9-cu bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Vergi tutulmalı olan gəlir minimum əmək haqqının beş misli qədər azaldılır.
[10] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 507) ilə 6-cı maddənin 11-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
11. İşçilərin sayının və ya ştatının ixtisarı vaxtı işdə qalmaq üstünlüyü və müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda işlə təmin edilmək.
[11] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 6-cı maddənin 16-cı bəndindən “pulsuz” sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
İdarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbə qədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada pulsuz yerlə hökmən təmin edilməsi.
[12] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602)ilə 18-ci bənddə “və əlillər” sözləri “, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ilə əvəz edilmişdir. “evlərdə” sözündən sonra “və xüsusi təhsil müəssisələrində” sözləri əlavə edilmişdir.
[13] 13 iyun 1997-ci il tarixli 319-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 451) ilə 6-cı maddənin 20-ci bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
20. Şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) və kənd yerlərində yaşadığı inzibati rayonun hüdudları daxilində ümumi istifadədə olan nəqliyyat vasitələrindən (taksidən başqa), habelə şəhərətrafı dəmiryol nəqliyyatından və şəhərətrafı marşrut avtobuslarından pulsuz istifadə etmək.
[14] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 7-ci maddənin 2-ci bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
2. İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək və işlədiyi yerdə hər il sanatoriya-kurort və ya digər sağlamlıq müəssisələrinə (həkim şəhadətnaməsi olduqda) ilk növbədə pulsuz putyovka ilə təmin edilmək, putyovka almaq mümkün olmadıqda isə onun qiymətinin tam miqdarı həcmində pul kompensasiyası almaq.
[15] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 7-ci maddənin 4-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
4. İldə bir dəfə yol pulunun 50 faizini; ödəmək şərtilə (o baş-bu başa) hava, dəmiryol, su nəqliyyatından istifadə etmək.
[16] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 10-cu maddədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 21, 80-85-ci maddələrində” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir.
19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1078) ilə 2-ci maddəsindən “Hərbi qulluqçuların pensiya təminatı haqqında,” sözləri, 10-cu maddəsindən “və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 19 və 23-cü maddələrində” sözləri çıxarılmışdır.
[17] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 11-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə müddətsiz əlillik kimi müəyyən edilir.
[18] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 12-ci maddənin 2-ci bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
2. Pulsuz dərman almaq (həkim reseptləri üzrə).
[19] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 12-ci maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
3. Tibb müəssisələrinin göndərişi üzrə sanatoriya-kurort müəssisələrinə və ya digər müalicə yerlərinə valideynlərindən biri ilə və ya onu əvəz edən şəxslə onun işlədiyi müəssisənin, idarənin və təşkilatın, yaxud sosial təminat orqanlarının hesabına dəmir yolu ilə, dəmir yolu olmayan rayonlarda isə hava və ya şəhərlərarası avtomobil nəqliyyatı ilə növbədənkənar bilet almaq hüququndan istifadə edərək pulsuz gedib-gəlmək.
[20] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731) ilə 12-ci maddənin 4-cü bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
4. O baş-bu başa yol pulunu valideynlərdən birinin, yaxud onu əvəz edən şəxsin işlədiyi müəssisənin, idarənin, təşkilatın və ya sosial təminat orqanlarının ödəməsi şərtilə hər il müalicə ocaqlarında pulsuz müalicə, putyovka verilməsi mümkün olmadıqda isə, onun orta qiyməti məbləğində pul kompensasiyası almaq.
[21] 23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 293) ilə 12-ci maddənin 7-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
7. Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına hər uşaq üçün ayda respublikada müəyyən olunmuş minimum əmək haqqı məbləğində müavinət verilir.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 12-ci maddənin birinci hissəsinin 7-ci bəndində “Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə” sözləri “Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına” sözləri ilə əvəz edilmişdir.
[22] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 507) ilə 12-ci maddənin 9-cu bəndinin birinci cümləsində “hamiləlik və doğuş üçün 90 günlük məzuniyyət verilir” sözləri “və hamiləliyə və doğuşa görə qanunvericiliklə müəyyən edilmiş məzuniyyət verilir” sözləri ilə əvəz edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sırasından olan qadınlara hamiləlik dövründə ixtisaslaşdırılmış səhiyyə ocaqlarında sağlamlaşdırılmaq üçün putyovka, hamiləlik və doğuş üçün 90 günlük məzuniyyət verilir.
[23] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.
[24] 23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə 293) ilə 14-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Onlara həmçinin müalicə üçün hər il aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir:
I və II qrup əlillərə—minimum əmək haqqının üç misli məbləğində;
III qrup əlillərə—minimum əmək haqqının iki misli məbləğində.
[25] 17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 561) ilə 14-cü maddəsinin üçüncü hissəsi çıxarılmışdır.
[26] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə birinci hissənin birinci abzasında “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir, birinci hissənin ikinci abzasında və üçüncü hissədə “əlillərə” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.
[27] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə 16-cı maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 16. Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərin ictimai birliklərinə güzəştlər
Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərin birlikləri və təşkilatları öz nizamnamələrində nəzərdə tutulmuş xeyriyyə məqsədlərini həyata keçirərkən onlara vergi güzəştləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tətbiq edilir.