Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 310 mindən çox məktəblinin imzası toplanıb

Kampaniya “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılırdı

Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsində ombudsman Elmira Süleymanovanın təşkilatçılığı ilə uşaqlar arasında keçirilən “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan imzatoplama kampaniyası başa çatıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kampaniya çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarından 310 mindən çox məktəblinin imzası toplanıb.

Erməni təcavüzünün azərbaycanlı uşaqların taleyinə təsir göstərmiş ağır nəticələrini özündə əks etdirən məktub və toplanmış imzalar Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi Radhika Kumarasvamiyə göndərilib.

BMT-yə ünvanlanan məktubda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, ölkə əhalisinin hər səkkiz nəfərdən birinin qaçqına və məcburi köçkünə çevrildiyi, çadırlarda doğulmuş yüz min uşağın kütləvi surətdə bütün insan hüquqlarından məhrum olduğu qeyd edilib.

Erməni millətçilərinin törətdiyi Xocalı soyqırımı zamanı dinc əhali, qadınlar, qocalar, əlillər, o cümlədən uşaqların xüsusi amansızlıqla qətlə yetirildiyi, onların yaşamaq hüququnun kütləvi şəkildə kobudcasına pozulduğu da xüsusi nümayəndənin diqqətinə çatdırılıb.

Qeyd edək ki, BMT-nin xüsusi nümayəndəsi 1 İyun – Uşaqların Müdafiəsi günü ərəfəsində Ombudsmanın təşəbbüsü və UNİCEF-in dəstəyi ilə Bakıda keçirilməsi planlaşdırılan “Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfransa dəvət olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO