Elxan Süleymanov: “Ümid edirəm ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycanın haqq səsi eşidiləcək” – MÜSAHİBƏ

 Elxan Süleymanov: “Ümid edirəm ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycanın haqq səsi eşidiləcək” - MÜSAHİBƏ
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

– AŞPA-nın yanvar sessiyasında Sizin müəllifliyinizlə təqdim edilmiş qətnamə təklifi əsasında hazırlanmış və qəbul edilmiş hər iki qətnamə plenar iclasda müzakirə ediləcək. Bu müzakirədən gözləntiləriniz nədən ibarətdir?

– AŞPA Bürosunun 26 noyabr 2015-ci ildə Sofiyada keçirilən iclasında Azərbaycanla bağlı vacib qərar qəbul edildi. Bu qərar “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamələrinin təsdiq üçün Assambleyanın 2016-cı ilin yanvar sessiyasında müzakirəyə çıxarılmasını nəzərdə tutur. Qeyd edilən qətnamələrin müzakirəsi Assambleyanın 27 yanvar tarixli plenar iclasının gündəliyinə daxil edilib. Bu qətnamələr ayrı-ayrılıqda müzakirə edilərək, bir yerdə səsə qoyulacaq.

AŞPA Prosedur Qaydalarına əsasən Komitələrdə qəbul edilmiş qətnamələr Assambleyanın plenar iclasında müzakirə edilərək səsvermə yolu ilə təsdiq edilməlidir. Odur ki, Siyasi Məsələlər və Sosial Məsələlər Komitəsində qəbul edilmiş qətnamələrin Assambleyanın plenar iclasında müzakirəyə çıxarılması normal prosedur qaydasıdır və Assambleya, bir qayda olaraq, Komitələrdə qəbul edilmiş qətnamələri təsdiq edir.

AŞPA təcrübəsində çox nadir hallarda Assambleyada Komitələrin qəbul etdiyi qətnamələrinin əleyhinə səs verilir. Bu hallardan biri və bəlkə də yeganəsi 2013-cü ilin yanvar sessiyasında baş vermişdir. AŞPA-nın həmin sessiyasında Ştrasserin Azərbaycanda qondarma siyasi məhbuslara dair hazırladığı Hüquq Məsələləri Komitəsində qəbul edildikdən sonra təsdiq üçün plenar iclasda müzakirəyə çıxarıldı. Lakin AŞPA üzvləri Ştrasserin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, öz təsdiqini tapmamış faktlara istinad etməsi və hazırlanmış məruzənin bütövlüklə qeyri-obyektiv olması səbəbindən həmin qətnaməni rədd etdi.

Ermənistan tərəfi əvvəlcədən hər iki qətnamənin müzakirəsinin qarşısını almağa çalışıb. Məruzəçilər təyin edildikdən sonra onlarla əməkdaşlıq etməkdən imtina edib və müxtəlif vasitələrlə onlara təzyiq göstərməyə çalışıb, AŞPA üzvlərinə həmin qətnamələri dəstəkləməmələri üçün göstərişlər verilməsinə çalışıb. Məqsədlərinə nail olmadıqlarına əmin olduqda isə Ermənistan nümayəndə heyətinin üzvləri təxribatlara da əl atmaqdan çəkinməyiblər.

Fikrimcə, AŞPA-nın yanvar sessiyasında Ermənistan hökumətinin əvvəlcədən sövdələşmiş olduğu ölkələrin rəhbərliyinin təlimatını icra edəcək parlamentarilər, erməni lobbisinin “dost”ları, işğalçı tərəfin havadarları heç də azlıq təşkil etməyəcəklər. Ümid edirəm ki, bütün təzyiq və təsirlərə baxmayaraq, Azərbaycanın haqq səsini dəstəkləyənlər də olacaq.

– Assambleyanın yanvar sessiyasında bu qətnamələr ermənilərin növbəti saxtakarlığının qurbanı ola bilərmi?

– 23 ildən artıqdır, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan eyni zamanda bütün dünyada bu işğalı qanuniləşdirməyə çalışır. Bu səbəbdən Ermənistan tərəfi və onların havadarları bu qətnamələrə qarşı müharibə elan edib. Onlar mənim bu qətnamə təkliflərimin AŞPA-da qəbul edilməsinə, məruzəçilərin təyin olunmasına, məruzələrin hazırlanmasına, Komitələrdə qəbul olunmasına qarşı bütün gücləri ilə mübarizə aparıblar. Lakin Ermənistan tərəfinin bütün bu riyakarlıqları nəticə vermədi. Düşmənlərimiz Azərbaycanın bu qələbəsinin plenar iclasda qarşısını almaq və öz uğursuzluqlarının növbəti dəfə təkrar olunmasına imkan verməmək üçün gərgin iş aparır, AŞPA-nın yanvar sessiyasına ciddi hazırlaşırlar. Onlar dövlət rəsmiləri, səfirlər vasitəsilə avropalı deputatlara təsir və təzyiqlər edir, qətnamələrin əleyhinə geniş kompaniya aparırlar. Onların bu yolla özlərinə çoxsaylı tərəfdar tapacaqları istisna deyil, lakin Avropanın ədalətin bərqərar olunmasına səs verəcəyinə ümid etmək lazımdır. Bizi yanvar sessiyasında çox gərgin mübarizə gözləyir.

– AŞPA torpaqlarımızın işğaldan azad olunması istiqamətində hər hansı bir rol oynaya bilərmi?

– Hər iki qətnamələr ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Hər iki qətnamə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bir daha təsdiqlədi və Ermənistana işğalçı damğasını vurdu. Lakin bilməliyik ki, Avropa Şurası bu qətnamələr Assambleyada təsdiq ediləcəyi təqdirdə dərhal Azərbaycan torpaqlarını işğaldan azad etməyəcək. Belə ki, bu məsələ Avropa Şurasının səlahiyyətləri və mandatı çərçivəsində deyil. AŞPA qətnamələri beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqlərini gücləndirmək üçün Azərbaycana yeni imkanlar verəcək, ölkəmizin danışıqlarda mövqelərini gücləndirəcək. Bununla belə, 27 yanvar 2016-cı ildə hər iki qətnamə təsdiq ediləcəyi təqdirdə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinə Ermənistana qarşı təzyiqləri artırmaq istiqamətində yeni imkanlar açır. Biz bu qətnamələrin qəbulu ilə kifayətlənməməliyik və bu sənədlərdə ehtiva edilmiş müddəaların praktikada yerinə yetirilməsi üçün ciddi işləməliyik. Bu isə inadkarcasına ciddi, davamlı və uzunmüddətli addımlar atılmasını tələb edir. Biz ilk addım olaraq Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün AŞPA-dan bu ölkəyə təzyiqlərin artırılmasını tələb etməliyik.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO