Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Şurasının baş katibi Turbyern Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona və AŞPA-nın üzvlərinə məktub göndərib. Bu barədə APA-ya Elxan Süleymanovun ofisindən məlumat verilib.
Məktubda deyilir: «Almaniyalı deputat Kristof Ştrasserin hazırladığı və 3 oktyabr 2012-ci ildə AŞPA-nın plenar sessiyasında qəbul edilmiş “Siyasi məhbusların müəyyənləşdirilməsi”adlı məruzə layihəsinin müzakirəsindən sonra baş verənlərlə bağlı narahatlığımı diqqətinizə çatdırmaq istəyirəm.
İcazə verin əvvəla onu vurğulayım ki, məktubumda xatırladacağım faktlar qaydalara müvafiq olaraq irəli sürülmüş və məruzənin 2-ci bəndinin mətnini cilalamaq və daha vacibi, 3-cü bənddə dəqiqliklə Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulduğu kimi, Avropa İnsan Haqları Məhkəməsinin əsas hüquqlar və azadlıqların pozulmasının fərdi hallarını dəyərləndirən yeganə orqan olduğunu vuğulayaraq məruzənin mövzusunu dəqiqləşdirmək məqsədi daşıyan iki düzəlişdən irəli gəlir.
Birincisi, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində məruzə layihəsinə iki düzəlişin irəli sürülməsindən dərhal sonra hər ikisi rəsmi “bitərəf” əməkdaş olan Komitə katibi Drjemçevski və onun müavini Şirmer növbəti gün komitə və plenar iclaslarına qədər dəhliz və bufetdə Assambleya üzvlərinə yaxınlaşır, müxtəlif vasitələrlə onlara təsir göstərir, ehtiyatla, lakin fəal tərzdə onları düzəlişlərin əleyhinə və məruzənin lehinə səs verməyə təhrik edirdilər. Onlar müxtəlif üsullardan istifadə edirdilər, belə ki, tez-tələsik tərtib edilən müxtəlif müraciətləri, məsələn Human Rights Watch, Amnesty İnternational və Avropa Sabitlik Təşəbbüsü təşkilatlarının yazılarını hamıya yaymağa çalışırdılar. Bu azmış kimi, oktyabrın 3-ü saat 14:00-da keçirilmiş Komitə iclasının əvvəlində Komitədə rəsmi olaraq bəyan edildi ki, komitə ikinci düzəlişi qəbul etsə belə, AŞPA sədri ona veto qoymağı nəzərdən keçirir. Aydındır ki, həmin anda bu cür veto təklifi siyasi baxımdan düzgün deyil və açıq-aşkar səsvermədən əvvəl sadəcə üzvlərə mənfi təsir etmək məqsədi daşıyırdı.
Şübhəsiz, belə təcrübə dərin təəssüf doğurur. Buna baxmayaraq, Komitə iclasında səsvermə zamanı həmin düzəliş rəsmi olaraq 30 lehinə və 28 əleyhinə olmaqla qəbul edildi.
Səsvermənin nəticələri ilə bağlı daha çox təəssüfləndirici hal ondan ibarət idi ki, ikinci düzəlişin lehinə olan səslər əslində 30 deyil, Komitə üzvlərinin müstəqil şəkildə hesabladığı kimi, 34 idi. Düşünürəm ki, Komitənin məhz bir sıra həmkarların buna bənzər yanlış hesablama barədə müstəqil məlumat verdiyi 26 iyun 2012-ci il tarixli iclasında səsvermədə də olduğu kimi, katiblik məruzəçinin xeyrinə səsvermənin nəticələrini saxtalaşdırdı. Lakin Komitənin 26 iyun tarixli iclasından fərqli olaraq, bu dəfə düzəlişin lehinə və əleyhinə olan səslərin fərqi həddindən artıq çox idi. Odur ki, yekun nəticə “yanlış hesablanmış olsa” da, bu dəfə yekun nəticəni dəyişə bilmədi. Yalnız təkmilləşdirilmiş səsvermə proseduru gələcəkdə belə “yanlış hesablamalar”ın qarşısını ala bilər.
İkincisi, 3 oktyabrda siyasi fraksiyaların toplantıları zamanı Sosialistlər qrupunun rəhbəri İsveçrəli deputat cənab Andreas Qross və liberallar qrupunun rəhbərliyi həmkarının ifadə azadlığına tamamilə məhəl qoymayaraq, partiya həmkarlarına qarşı açıq-aşkar hörmətsizlik və onlara kobud təzyiq edərək, Ştrasserin məruzəsinə səs vermələrinə məcbur etmiş, insanları bir-bir ayağa qaldırmış və adbaad siyahı tərtib etmişdir. Son beş ildə AŞPA-da heç vaxt bu praktikaya təsadüf edilmədiyi halda, bu cür “indikativ” səsvermə ilə cənab Qross məruzəyə səs verməyənləri siyasi qrupdan çıxarmaqla hədələmiş və bununla da AŞPA üzvlərini müstəqil şəkildə seçim etmək imkanlarından məhrum etmişdir. Nəticədə, o, məhz belə bir Qross sayağı “demokratik üsulla” Sosialistlər qrupundan 46 səsdən ibarət siyahının tərtib edilməsinə nail olunmuşdur.
Üçüncüsü, Almaniya nümayəndə heyətinin rəhbərliyi və üzvləri hazırda öz vətənlərində iqtisadi və maliyyə çətinlikləri ilə üzləşən digər Avropa ölkələrindən olan həmkarlarını açıq-aşkar şantaj edərək, məruzəyə düzəlişlərin lehinə səs verəcəkləri təqdirdə iqtisadi və maliyyə böhranını həll etməklə bağlı Almaniyanın onların ölkələrinə göstərə biləcəyi hər hansı dəstəyə ciddi mane olmağı nəzərdən keçirəcəyini bildirmişlər. Beləliklə, hazırda iqtisadi çətinliklərlə üzləşən həmin – əsasən bəzi Avropa – ölkələrdən olan deputatlar aşkar şəkildə siyasi şantaj və hətta şəxsi təhdidlərə məruz qalaraq, Ştrasserin məruzəsinin lehinə səs verməyə məcbur edilmişlər.
Dördüncüsü, plenar iclas zamanı şübhəsiz, sanki siyasi məhbusun hüquqi tərifin hazırlanması ilə bağlı planlaşdırılmış müzakirələr deyil, Azərbaycan əleyhinə yönəlmiş qərəzli və nifrət dolu düşmən mövqelərin nümayişi keçirilirdi. Belə ki, siyasi qrupların rəhbərliyi tərəfindən əvvəlcədən təyin edilmiş nümayəndələr, xüsusilə sosialistlər və liberallar qrupunun təmsilçiləri öz çıxışlarını məruzədə təklif edilən siyasi məhbus meyarlarının lehinə və ya əleyhinə əsaslandırmaq əvəzinə, yalnız Azərbaycana qarşı güclü qərəzli mövqe nümayiş etdirmək istiqamətində aparırdılar. Düzəlişləri cəsarətlə müdafiə edən deputatlar isə dərhal və açıq şəkildə hücumlara və ağır təhqirə məruz qalırdılar.
Bu azmış kimi, Ştrasser, Şuster, sosialistlər və liberallar qruplarının digər üzvləri plenar iclas üzvlərinə müraciət edərək, məruzənin 3-cü bəndinə düzəlişin qəbul edildiyi təqdirdə, yanvar ayında Azərbaycanla bağlı məruzənin qəbul edilməyəcəyi barədə ehtiyatlanmalarını – bəzi hallarda isterik formada – ifadə edirdilər. Ştrasser açıq dedi: “Məni düzgün başa düşün, düzəliş qəbul edilsə, yanvarda mənim Azərbaycana qarşı məruzəm qəbul edilməyəcək”. Bu, konkret ölkəyə aid olmadığı güman edilən ümumi müzakirədə çox qəribə və özünəməxsus əsaslandırmadır.
Əslində, bütövlükdə, “Siyasi məhbusun müəyyənləşdirilməsi” məruzəsinə dair müzakirənin əsas mahiyyəti “siyasi məhbus” anlayışının üzv dövlətlərin hamısına şamil edilə biləcək hüquqi meyarlarının ümumi həllini tapmaqdan ibarət olmasına baxmayaraq, anti-Azərbaycan lobbisinin məsələ ilə bağlı bütün fəaliyyəti Azərbaycana qarşı qeyri-müvafiq və əsassız ittihamlar irəli sürülməsi, eləcə də Avropa Konvensiyasına tam müvafiq olaraq, konsesus təklifinə dəstək nümayiş etdirmək istəyən az sayda AŞPA deputatlarının təhqirlərə məruz qalması üzərində qurulmuşdu.
Beşincisi, Ştrasser, Şuster, sosialistlər və liberallar qruplarının rəhbərliklərinin davamlı şantaj və təzyiqləri nəticə etibarı ilə deputatların mövqelərinə təsir etdi. Hətta bu cür siyasi oyunbazlıqdan sonra belə, səsvermə 89/89 hesabla heç-heçə ilə nəticələndi. Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Belə ki, bəzi qocaman deputatlar Avropa Şurasında belə səs bərabərliyi və böyük fikir ayrılığı görmədiklərini bildirdilər. Beləliklə, prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan Ştrasserin məruzəsi qəbul edilmiş sayıldı. Lakin siyasi məhbus meyarlarının 89/89 sayla qəbul edilməsi ilə bağlı ziddiyyət və parçalanmanı nəzərə alsaq, nəticə siyasi, mənəvi və əxlaqi baxımdan Avropa Şurasının tarixində bir ləkə kimi xatırlanacaqdır.
Altıncısı, AŞPA 1989-1990-cı illərdə vətəndaş qaşıdurması dövründə Namibiya və Cənubi Afrika cəmiyyətlərində barışıq missiyası məqsədilə tətbiq edilmiş Nerqaard prinsipləri əsasında hazırlanmış və Ştrasserin məruzəsində yenidən təklif edilmiş meyarları qəbul etməklə, Avropa Şurası tarixində kədərli bir səhifə açmış oldu. Belə ki, AŞPA bu meyarları qəbul etməklə Avropa Şurası məkanındakı müasir vəziyyəti Namibiyada 20 il əvvəl mövcud olmuş vəziyyətlə eyniləşdirdi. Beləliklə, bu müqayisə bu məsələdə hüquqi baza yaradılmasında beynəlxalq lider kimi tanınan Avropa Şurasının imicinə və onun demokratiya və qanunun aliliyinə zəmanət verən roluna böyük zərbə vurur. Şübhəsiz, bu məruzənin mənfi təsirləri yaxın gələcəkdə özünü biruzə verəcək.
Yeddincisi, 5 oktyabr 2012-ci ildə Azərbaycanın aparıcı internet portalı www.contact.az-da dərc edilmiş məlumatda bildirilir ki, Avropa Şurasının Baş Katibi 4 oktyabrda keçirdiyi mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən “Azərbaycan kürüsü AŞPA-nın müstəqilliyi üçün təhlükədir”, “Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir” kimi təəssüf doğurucu ifadələrdən istifadə edib. Sonradan bu məlumat Azərbaycanın müxalif “Musavat” qəzetində və əlbəttə Ermənistanın ARMENPRESS xəbərlər agentliyi tərəfindən yenidən çap edilib.
Hesab edirəm ki, Azərbaycana qarşı belə səthi və əsaslandırılmamış ittihamların irəli sürülməsi yolverilməzdir və Avropa Şurası Baş Katibi tərəfindən hər hansı üzv dövlətə qarşı belə bir fikrin yaradılması dərin təəssüf hissi doğurur və Avropa Şurasının ən ali qurum kimi bitərəfliyinə şübhə yaradır.
Nəhayət, AŞPA-nın payız sessiyasında “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinin müzakirəsi və qaçılmaz bir nəticə ilə qəbul edilməsi ətrafında baş verənlərlə bağlı bir sıra məntiqi suallar meydana gəlir:
Nə üçün Avropa Şurasının bütün üzv dövlətlərinə şamil edilə biləcək meyarların müzakirəsi və qəbul edilməsi prosesi və çıxışların çoxu birtərəfli, qərəzli və dramatik şəkildə Azərbaycana qarşı əsassız ittihamlar üzərində qurulmuşdu?
Hansı səbəblərdən Azərbaycan Avropa ilə müxtəlif sahələrdə əməkdaşlığı özünün prioriteti hesab etməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynamasına baxmayaraq, belə əsassız ittihamlarla, siyasi böhtanlarla və ikili standartlı münasibətlərlə qarşılaşır?
Hüquq Məsələləri Komitəsinin katibliyinin rəhbəri cənab Drjemçevski və Şirmerin əxlaq normalarından kənar şəkildə əlbir olmasının və cənab Ştrasser və xanım Şusterin, o cümlədən sosialistlər və liberalların liderlərinin siyasi şantajının əsas səbəbi nədən ibarətdir? Bu, Ştrasserin məruzəsinin qəbul edilməsi ehtimalının çox az olduğunu bildiklərinə görədirmi?
Human Rights Watch və Amnesty İnternational kimi təşkilatların adından tələsik hazırlanmış müxtəlif bəyanatlar və müraciətlər yaymağın səbəbi budurmu? Avropa Sabitlik Təşəbbüsü bu il 26 iyun və 3 oktyabr tarixli İnsan Hüquqları Komitəsinin iclas öncəsi olduğu kimi, nə üçün həmişə Azərbaycanı üzv ölkə kimi yalnız nüfuzdan salmaq məqsədilə hər hansı əsas və ya sübut olmadan son dəqiqədə gündəmə gəlir? Nə üçün AŞPA tərəfindən 89/89 səs olmaqla heç-heçə nəticə ilə Avropa Şurası tarixində ilk dəfə olaraq mübahisəli qərar qəbul edildikdən sonra belə Azərbaycana qarşı əsassız ittihamlar səngimir?
Məsələn, özlərini “düzgün” siyasətçi elan edənlərdən biri Almaniyalı xanım Viola von Kramon özünün son müsahibələrindən birində AŞPA-da “Azərbaycan lobbisi”nə yuxarıdan aşağı baxmışdı. İcazə verin ilk növbədə sizə xatırladım ki, xanım von Kramon Ermənistanı qeyd-şərtsiz və açıq dəstəkləyir. Ermənistana tez-tez səfər edən bu xanım onların ən tanınmış və səmərəli fəaliyyət göstərən lobbiçilərindən biridir. Bu arada hazırki müzakirənin dəqiq hüquqi tərəflərini bir sıra Assambleya üzvlərinə açıqlayan parlament köməkçilərimiz və hüquq məsləhətçilərimiz bunu yalnız rasional dəlillərlə edirlər və bunu etmək hüquqları var. Təəssüf ki, çox zaman bitərəflik öhdəliyinə riayət etməyən AŞPA əməkdaşlarından fərqli olaraq, onlar ciddi şəkildə bitərəfdirlər.
3 oktyabr tarixinə kimi aparılan meyarları 26 iyunda artıq qəbul edilmiş və 2013-cü il yanvar sessiyasında baxılması üçün razılaşdırılmış məruzəyə tətbiq etmək nə dərəcədə ədalətlidir?
Şübhəsiz ki, bunlar izah edilə bilər, elə deyilmi?
Hüquq məsələləri Komitəsinin katibliyinin rəhbəri Drjemçevski və Şirmerin, deputatlar Ştrasser, Şuster, sosialistlər və liberallar qruplarının rəhbərliyinin təşkil edib həyata keçirdiyi anti-Azərbaycan lobbiçilik fəaliyyətinin səbəbi ondan ibarətdir ki, onlar məsələ ilə bağlı həm Komitədə, həm də AŞPA-da ciddi fikir ayrılığının olduğunu, Ştrasserin hazırladığı məruzənin qəbul edilmə ehtimalının çox kiçik olmasını əvvəlcədən anlayırdılar. Odur ki, onlar həm 26 iyun, həm də 3 oktyabr tarixli iclas öncəsi Human Rights Watch, Amnesty İnternational və Avropa Sabitlik Təşəbbüsü təşkilatlarının adından məsələyə aidiyyatı olmayan və sırf anti-Azərbaycan xarakterli bəyanatlar hazırlatdıraraq, xüsusi canfəşanlıqla Komitə üzvlərinə çatdırırdılar. Burada əsas məqsəd Azərbaycanı nüfuzdan salmaq, Ştrasserin Azərbaycanla bağlı məruzəsinin qış sessiyasında böyük səs fərqi ilə qəbuluna kor-koranə və qeyd-şərtsiz dəstəyə nail olmaqdan ibarətdir. Bu səbəbdən istənilən demokratik debat əvvəlcədən susdurulmalıdır.
Digər bir tərəfdən, İnsan Hüquqları Komitəsinin katibliyi və bəzi siyasi fraksiya rəhbərliyi tərəfindən anti-Azərbaycan lobbiçilik fəaliyyəti nümayiş etdirən qüvvələr məsələ ilə bağlı qərarın hüquqi qüvvəyə malik olmasını qəbul etsələr də, həmin qərarın siyasi, mənəvi və əxlaqi cəhətdən 89/89 səs olmaqla heç-heçə nəticələnən həddindən artıq kövrək qərar olduğunu da gözəl anlayırlar. Odur ki, ictimai fikri AŞPA-da məsələ ilə bağlı ciddi parçalanmanın olmasından yayındırmaq məqsədilə Azərbaycan dövlətinə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvlərinə qarşı qərəzli və əsassız ittihamlar irəli sürürlər, obyektiv fikirlərini səsləndirən deputatları təhqir etməkdən belə çəkinmirdilər.
Digər bir tərəfdən qeyd edilməlidir ki, Avropa Şurasına üzv olan Azərbaycan əhalisinin 95% müsəlman olan və Türkiyədən sonra daha çox müsəlman əhalisi olan ölkədir. Fikrimcə, məhz bu səbəbdən də Avropa Şurasının ən dünyəvi dövlətlərindən biri olan ölkəmizə qarşı kobud və birtərəfli mövqenin nümayiş etdirilməsini istisna etmirəm və bir sıra hallarda bunun şahidi oluram.
Azərbaycanın kiçik ölkə olması Sizə məlumdur. Şübhəsiz ki, yuxarıda qeyd edilənləri və digər faktları cəsarət tapıb səsləndirəndə mən anlayırdım ki, anti-azərbaycan lobbiçiləri və təbliğatçıları özlərini müdafiə etmək məqsədilə müxtəlif üsullarla mənə və ölkəmə hücum etmələri istisna edilmir. Onların yalnız öz haqqının müdafiəsində duran kiçik dünyəvi ölkəyə belə qəzəblənməsinin səbəbi mənim üçün sirr qalır.
Qısası, sözsüz ki, biz payız sessiyası zamanı Strasburqda üzləşdiyimiz AŞPA katibliyinin heyət üzvlərinin fəal əlbirliyi ilə bəzi siyasi fraksiya rəhbərləri tərəfindən yaxşı təşkil edilmiş anti-Azərbaycan lobbisinin iradəsinə qarşı müdafiəsizik. Aydındır ki, bu anti-Azərbaycan lobbisi indi həqiqətən də, hər hansı hüquqi cəhətdən mənfi və təsadüfi təcrübələrə və ikili standartlara qarşı çıxmaq istəyən çoxlu sayda deputatları qəti şəkildə susdurur. Lakin onlar hətta çox sayda və bir çox üzv dövlətlərdən olsalar belə, bu ədalətli deputatların “qara kürü ilə ələ alınmaları” barədə böhtanla dolu və ifrat təhdidlərdən qorunmaqdan başqa seçimləri qalmır.
Bir çox müşahidəçilər ötən həftə Strasburqda demokratiyanın necə öldüyünü gördülər.
Qeyd edilənlər bu gün Parlament Assambleyasında çox təəssüf doğuran acınacaqlı vəziyyətin mövcud olmasından xəbər verir. Ümid edirəm ki, Siz öz səlahiyyətiniz çərçivəsində uzun müddət ərzində Avropa Şurası kimi təşkilatın beynəlxalq nüfuzuna və etibarlılığına kölgə salan olaylara aydınlıq gətirmək məqsədilə təcili təşəbbüslər göstərəcəksiniz.
Yuxarıda qeyd edilmiş müxtəlif məsələlərlə bağlı mövqeyinizi bildirməyinizi və ölkəmizə qarşı sonrakı ədalətsiz və qərəzli münasibətin qarşısının alınması məqsədilə mümkün tədbirlər görməyiniz barədə məlumat verəcəyinizi gözləyirik».
Məktubun nüsxəsi Avropa Parlamentinin prezidenti və üzvlərinə, ATƏT sədri, ATƏT-in baş katibi və Assambleyasının prezidentinə, həmçinin Avropa ölkələrinin milli qanunverici orqanlarına göndərilib.
Apa.az