Azərbaycan şairi Nizami Gəncəvinin irsini dünya miqyasında tanıdırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, bunu sentyabrın 16-da komitənin sədri Elşad İskəndərov İran İslam Respublikasına (İİR) rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanası və Sənədlər Təşkilatının sədri, eyni zamanda, İİR Prezidentinin müşaviri vəzifəsini icra edən İshaq Salehi ilə görüşündə deyib.
Öncə Azərbaycan nümayəndə heyəti kitabxananın kitab fondu, binası, strukturu, onun iş prinsipi ilə tanış olub, onlara fondda müxtəlif dillərdə 3 milyondan yuxarı kitab və dərginin saxlandığı barədə məlumat verilib, əlyazmalar saxlanan arxivlər nümayiş etdirilib.
Kitabxana rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib. Görüşdə İ.Salehi İran mətbuatında Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı lövhələrin söküldüyü barədə məlumatlar getdiyini xatırladaraq, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat etdiyini, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu bildirib.
Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri E.İskəndərov isə İran tərəfini Azərbaycanda Nizami Gəncəvi irsinin qorunması, ona verilən önəm barədə məlumatlandırıb: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda, dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur”.
Komitə sədri qeyd edib ki, Bakıda mərkəzi küçələrdən biri, Azərbaycan Ədəbiyyat Tarixi Muzeyi, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, metrostansiyalardan biri Nizami Gəncəvinin şərəfinə adlandırılıb, şəhərin mərkəzində heykəli qoyulub. Əsərləri dəfələrlə, özü də ən müxtəlif dillərdə nəşr edilib. O, əlavə edib ki, Nizami Gəncəvi daima Azərbaycan ədəbiyyatının zirvəsi hesab olunub. Hətta 1942-ci ildə SSRİ dönəmində, II Dünya müharibəsinin ən ağır, Moskvanın, Peterburqun və Bakının işğal təhlükəsi olduğu bir vaxtda məhz Azərbaycan ziyalılarının təkidi ilə dahi mütəfəkkirin 800 illik yubileyi qeyd edilib. Son illərdə isə Nizami irsinin dünya miqyasında tanıdılması üçün məhz Azərbaycan tərəfindən onun Romada abidəsi ucaldılıb, onlarla beynəlxalq tədbirlər keçirilib.
Komitə sədri bildirib ki, ətrafında əsassız ajiotaj yaradılan məqbərədəki daşlar heç də tarixi kitabə deyil və hazırda məqbərənin əsaslı təmiri zamanı bütün üzlüklər kimi onlar da yenilənirlər. Azərbaycanda Nizami irsinin bir hissəsi olaraq əsərlərinin yazıldığı fars dilinə də hörmətlə yanaşılır. Belə ki, Nizaminin fars dilində çoxcildlik əsərlər toplusu dövlət tərəfindən nəşr olunub. Odur ki, bu məsələ ətrafında ajiotaj süni xarakter daşıyır. Məqbərə bərpa işlərindən sonra daha da möhtəşəm olacaq və dünyadan, o cümlədən də İrandan gələcək Nizamisevərlər bunun şahidi ola biləcəklər.
İran Milli Kitabxanasının sədri İ.Salehi Nizami irsinə Azərbaycanda verilən bu önəmə görə təşəkkür edərək, bu məlumatların bir çoxunun onlar üçün yeni və çox sevindirici olduğunu qeyd edib, gələcəkdə digər mövcud narazılıqların da aradan qalxacağına inandığını bildirib.