12 dekabrda ölkəmizin hər yerində olduğu kimi, qədim Gəncədə də ulu öndər, görkəmli dövlət xadimi, Azərbaycanın əbədiyaşar lideri Heydər Əliyevin anım günü qeyd edilib. Baş meydanda ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önünə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri dahi şəxsiyyətə dərin məhəbbət və ehtiram ifadəsi olaraq, gül-çiçək dəstələri qoyduqdan sonra anım mərasimi YAP Gəncə şəhər Təşkilatında davam edib.
İcra Hakimiyyətinin Başçısı, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü, hörmətli Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq, müstəqil Azərbaycanın bu günkü sürətli və qüdrətli yüksəlişinın ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının təntənəsi olduğunu bildirib.
Türk dünyasının milli lideri Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
İcra Başçısı sözünə davam edərək qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, misilsiz xidmətləri xüsusi yer tutur. 1969-cu ilin iyununda xalqımızın böyük oğlunun Azərbaycana rəhbərliyi dövrünün başlaması bu məmləkətin sovet imperiyasının tərkibində olan bütün respublikalar içərisində gündən-günə çiçəklənməsinə, şöhrətlənməsinə, milli-mənəvi, mədəni dəyərləri ilə tanınmasına və qəbul edilməsinə imkanlar yaradıb. 1970-ci ilin ortalarından etibarən, Azərbaycan Sovetlər İttifaqi məkanında özünün sosial və mədəni inkişafına görə daha yüksəkdə dayanırdı.
Sov. İKP MK-nın Siyasi Bürosunda təmsil olunan Dünyanın Ən Böyük Azərbaycanlısı Heydər Əliyevin 80-ci illərin əvvəllərində Sovet İttifaqının rəhbərlərindən biri olaraq, fəaliyyətə başlaması nəinki ölkə miqyasında, həm də sərhədləri keçərək dünya xalqlarının, onların aparıcı şəxsiyyətlərinin diqqətini cəlb etməyə başladı.
İcra başçısı Azərbaycanda müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən qeyd edib ki, tarixin millətə verdiyi şansı yalnız görkəmli, tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qolun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda, ordunun, silah-sursatın gücü olmadan, iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə Vətəni və xalqı naminə etdi. 1993-cü ilin keşməkeşli günlərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. O, Gəncəyə gələrək ağsaqqallarla, ziyalılarla görüşdü, burada baş vermiş qanlı hadisələri yerindəcə öyrəndi və Bakıya qayıdaraq öz qərarını verdi. Dahi şəxsiyyət doğma xalqını vətəndaş müharibəsi uçurumundan xilas etdi.
“Biz fəxr edirik ki, Heydər Əliyev kimi ümummilli liderimiz, onun müdrik, zəngin siyasi kursunu uğurla davam etdirən layiqli varisi cənab İlham Əliyev kimi möhtərəm Prezidentimiz var”- deyən hörmətli Elmar Vəliyev ümummilli liderin, dünya miqyaslı siyasətçinin nə qədər müstəqil Azərbaycan var, ürəklərdə əbədi yaşayacağını, həyatımızın bütün sahələrində onun müqəddəs ideyalarının zəfər çalacağını bildirib.
Sonda tanınmış publisist , şair Aydın Murovdağlının C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış “Türkün alın yazısı” poeması əsasında tamaşa göstərilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən tamaşanı böyük alqışlarla qarşılayıblar.
Trernd.az