Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev fevralın 6-da Lerik rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.
Bu barədə Trend-ə Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun sosial-iqtisadi inkişafı, icra olunan çoxsaylı layihələr, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni iş yerləri barədə məlumat verib.
DSMF sədri E.Mehdiyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur: “Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkədə bütün sosial proqramlar, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri vaxtında reallaşdırılır”.
Fond sədri diqqətə çatdırıb ki, təkcə cari ilin yanvar ayında sosial ödənişlərin artırılması sahəsində Azərbaycan Prezidenti tərəfindən 20-dən çox sərəncam verilib və sərəncamların icrası 1 milyon 800 mindən çox şəxsə şamil olunub. O qeyd edib ki, bu sıradan olan əmək pensiyalarının artırılması barədə sərəncamların icrasına il ərzində 210 milyon manatdan artıq vəsait sərf olunacaq.
E.Mehdiyev əlavə edib ki, ölkədə qurulmuş möhkəm təməlin ifadəsi kimi regionlarda, xüsusilə kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü daha da artırıb: “Lerik rayonunun hazırkı sosial-iqtisadi mənzərəsi, aparılan böyük quruculuq işləri, sosial infrastrukturun müasir əsaslarla tam yenilənməsi, əhalinin rifahının daha da artırılması tədbirləri Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına yönəldilən diqqətin əyani nümunəsidir. Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət etsək, bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilib. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir”.
«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasından irəli gələn vəzifələrdən danışan E.Mehdiyev bildirib ki, əhalinin gəlir əldə etmək imkanlarının daha da genişləndirilməsi və iqtisadi islahatların sosial müdafiə tədbirləri ilə tamamlanması əsas prioritetlərdəndir.
Milli Məclisin deputatı İqbal Məmmədovun da iştirak ettdiyi görüş işgüzar müzakirələr şəraitində davam edib və tədbir iştirakçıları regionlara göstərilən qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.