“Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin ictimai müzakirəsinə ehtiyac var

Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılıb ki, Azərbaycan Parlamentinin Elm və təhsil komitəsi “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrini hazırlanması prosesini başa çatdırıb. Hər iki qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Məlumatda qeyd olunub ki, “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilib”. “Ali təhsil haqqında” qanun layihəsi isə “Təhsil haqqında” qanun müəyyən edilmiş ümumi prinsiplərdən çıxış etməklə ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində tədrisin təşkili, ali təhsilin yeni maliyyələşdirmə sistemini və digər məsələləri müəyyən edir. Ali təhsilin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir”.

Bu məlumatlarla tanış olduqdan sonra www.meclis.gov.az saytına girərək, həmin layihələri axtarmaq qərarına gəldik. Təəccüblü də olsa saytda “Sosial xidmət haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələri olsa da “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələri saytda yoxdur. Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyan bu qanun layihələrinin hazırlanmasında şəffaflığın təmin olunmaması, ictimai müzakirələrin təşkil edilməməsi ciddi narahatlıq doğurmaya bilməz. Halbuki, “Təhsil haqqında” qanun qəbul olunarkən indikindən fərqli olaraq müəyyən ictimai müzakirələr təşkil olunmuşdu.

Müqayisə üçün faktlara müraciət edək. Azərbaycan Respublikasında 1992-2009-cu illərdə 7 oktyabr 1992-ci il tarixində qəbul olunmuş 324 saylı Təhsil qanunu qüvvədə olub. 1999-cu ildən yeni Təhsil qanunun qəbulu ilə bağlı proses başlayıb, bu proses 10 il davam edib, obyektiv və subyektiv səbəblərdən uzun müddət qanunu qəbulu mümkün olmayıb. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1999-cu ildə “Təhsil sahəsində islahatlar proqramı” təsdiq olunub və “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar haqqında” sərəncam imzalanıb. Həmin dövrdə Təhsil islahatına kömək məqsədilə Ümumdünya Bankı Azərbaycan Respublikasına 5 mln ABŞ dolları məbləğində kredit ayırıb. İlk dövrlər, konkret olaraq 1999-2005-ci illərdə qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilməyib, hətta tez-tez dəyişiklər edilən qanun layihəsinin mətnini əldə etmək müşkülə çevrilib. Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin fevralında qanun layihəsini müzakirə edərək birinci oxunuşda qəbul edib. Bundan sonra layihəyə bir neçə dəfə elm və təhsil komissiyası tərəfindən dəyişiklər edilməsinə baxmayaraq, bir sıra ciddi çatışmazlıqlar, fikir ayrılıqları olduğuna görə, qanun layihəsinin qəbul olunması ləngiyib. 2005-ci il parlament seçkilərindən sonra yenidən formalaşan Milli Məclisin Elm və təhsil komissiyası ilk vaxtlar bu çatışmazlığı aradan qaldırsa da, sonradan layihə ilə bağlı şəffaflıq təmin olunmayıb. Belə ki, komissiya özünün saytını açaraq layihəni həmin sayta qoysa da sonradan həmin sayt məlum olmayan səbəbdən bağlanıb.

Elm və təhsil komissiyası sədrinin, bir neçə millət vəkilinin və QHT fəallarının iştirakı ilə Azərbaycan İqtisad Universitetində 2006-cı ildə layihənin müzakirəsinin keçirilməsi təqdirə layiq hal hesab oluna bilər. Lakin vaxt azlığı, xüsusilə də millət vəkillərinin Milli Məclisin iclasına tələsməsi sənədin ayrı-ayrı müddəalarının geniş müzakirəsinə imkan verməyib. Bundan sonra layihə Milli Məclisin bir neçə komissiyasının birgə keçirdiyi qapalı iclasda müzakirə olunub, nəhayət Milli Məclisin 2008-ci il 30 yanvar tarixli iclasında bayram ərəfəsi olduğundan geniş müzakirə aparılmadan ikinci oxunuşda qəbul edilib. Nəhayət 2009-cu ilin iyun ayında Qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunaraq imzalanmaq üçün ölkə Prezidentinə təqdim olunub. Milli Məclisin Elm və təhsil komitəsinin 1 iyul 2009-cu il tarixdə keçirilən növbəti iclasında “Təhsil haqqında” Qanunun qəbul olunmasının bu sahə ilə bağlı digər qanunların və normativ hüquqi sənədlərin hazırlanması üçün geniş imkan yaratdığı qeyd edilib. İclasda həmçinin bildirilib ki, İSESKO-nun Təhsil komitəsi və Dünya Bankı bu Qanunun qəbulunu yüksək qiymətləndirib və müsbət rəy veriblər. Bundan başqa dövlətin bu sahəyə prioritet sahə kimi xüsusi diqqət verdiyi və 2009-cu ilin dövlət büdcəsində elm və təhsil sahəsi üçün 1 milyard 300 milyon dollardan artıq vəsait ayırdığı xüsusi qeyd olunub. İclasda həmçinin “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Ümumi orta təhsil haqqında” və “Yaşlıların təhsili haqqında” yeni qanun layihələrinin Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarmağı planlaşdırıldığı da bildirilib.

Bütün bu proseslərdən sonra “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin ictimai müzakirələrinin təşkil olunmadan, elm və ali təhsil sahəsində çalışan ziyalıların fikirlərini nəzərə almadan Milli Məclisin müzakirəsinə çıxarılması fikrimizcə düzgün deyil. Layihələrin hazırlanması prosesi həmin layihələrin elm və ali təhsil sahəsində ciddi problemlərin həllində dönüş yaradacağını indidən şübhə altına qoyur. Məsələn, layihə barədə Elm və təhsil komitəsinin yaydığı məlumatda deyilən “Ali təhsilin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir” fikrinə diqqət yetirək. Yəni bu fikri qanun layihəsində əsaslandırmaq üçün ali təhsil müəllimlərinin əmək haqqı da Boloniya prosesinə qoşulmuş qərb ölkələrinin əmək haqqına uyğunlaşdırılmalıdır. Halbuki, 2009-cu ildə qəbul olunmuş “Təhsil qanunu”nda qeyd olunub ki, müəllimlərin əməkhaqqı tədricən artırılaraq qərb standartlarına uyğunlaşdırılacaq. Fikrimizcə burada konkretliyin olmaması, yəni mücərrəd “tədricən” sözü əmək haqqının illərlə aşağı həddə qalmasına xidmət edir. Yeni layihələrdə bu cür mücərrəd maddələrin deyil, konkret maddələrin olmasına ehtiyac var. Layihələrlə bağlı suallar həddən artıq çoxdur. Məhz buna görə də qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılmazdan əvvəl elmi – tədqiqat institutları və ali məktəblərdə geniş müzakirəsinin keçirilməsi zəruridir.

Məhərrəm ZÜLFÜQARLI
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO