Azərbaycanlı millət vəkili ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı 1 nömrəli Aralıq Hesabatında göstərilən bəzi iradların tamamilə əsassız olduğunu hesab edir.
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov Trend-ə bildirib ki, hesabatda qadınların namizədliyini irəli sürməməsi ilə bağlı irad yanlışdır: “Azərbaycan demokratik ölkədir. Hansı qadın namizədliyini irəli sürüb və onun qarşısı alınıb? Əgər qadınlar prezidentliyə öz namizədliyini irəli sürmürsə, burada dövlət günahkardır? Məgər gedib kiməsə zorla demək lazımdır ki, gəl namizədliyini irəli sür?”
Millət vəkili əlavə edib ki, Azərbaycan parlamentində qadınlar kifayət qədər təmsil olunur, yəni bir çox ölkələrlə müqayisədə Azərbaycanda qadın deputatlar daha çoxdur.
2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması məsələsinə gəlincə isə millət vəkili bu iradın da əsassız olduğunu diqqətə çatdırıb: “Bu tamamilə yanlış fikirdir. Azərbaycan götürdüyü öhdəlikləri, o cümlədən tövsiyələri yerinə yetirir, hətta Avropadan daha yaxşı yerinə yetirir. Hesabatda qeyd olunan iradlar sadəcə təəssüf doğura bilər”.
Azərbaycanda televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada münasibət bildirən E.İbrahimov bildirib ki, Azərbaycanda bütün namizədlərə bərabər imkanlar yaradılıb: “İctimai Televiziyada bütün namizədlərə bərabər hüquqla pulsuz efir vaxtı verilib. Burada heç bir təzyiqdən, heç bir nəzarətdən söhbət gedə bilməz. Azərbaycanda televiziya kanalları müstəqil fəaliyyət göstərir və kim istəsə ödəniş edib efir vaxtı ala bilər. Bu, bütün dünyada belədir”.