Türkiyə bu gün faktiki olaraq terrorla üz-üzə qalıb.
Bunu Trend-ə Türkiyədə baş verən son qanlı terror aktlarını şərh edən “Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
Ekspert bildirib ki, Türkiyə uzun zamandır terrorla mübarizə aparır: “Bu mübarizə ilk öncə PKK ilə bağlı idi. İndi isə terror aktlarının çevrəsi genişlənib. “İslam dövləti” pərdəsi altında öncə ölkənin Suriya ilə sərhəd məntəqələrində terror aktları törədilməyə başladı. Sonra isə ölkənin digər bölgələrində terror aktları törədilməyə başladı. Ankarada törədilmiş dəhşətli terror aktında nə qədər insan həyatını itirdi. Təəssüf ki, Türkiyədə son zamanlar törədilən terror aktlarının coğrafiyası artıq genişlənir. Bu, artan tendensiya ilə davam edir. İstanbulun mərkəzində Sultan Əhməd meydanında qanlı hadisə baş verdi. Son hadisədə alman turistlər hədəf götürülmüşdü”.
Bu terror aktında hansı mesajlar verilib? Hansı istiqamətlər hədəf seçilib? Teraktın törədilməsi üçün nə üçün İstanbulun məhz ən mərkəz nöqtələrindən biri seçilib? Bu hadisədə niyə avropalı əcnəbilər hədəf seçilib? Terror aktının mahiyyətində hansı izlər görünür?
E.Ələsgərov hesab edir ki, Sultan Əhməd meydanında törədilən terror aktında Türkiyəyə Avropaya inteqrasiya olunmasının əngəllənməsi mesajı verilib: “Ölkənin iqtisadiyyatına ziyan vurulur. Bu hadisədə həm də Almaniyaya mesaj verilir. Türkiyənin Avropa Birliyinə daxil olması prosesi gedir. Vizanın ortadan qaldırılması məsələsi gündəmə gəlir. Bu hadisədə eyni zamanda, Avropa Birliyinə də mesaj verilir ki, Türkiyə terrorun hədəfidir və buna görə, bu ölkə avropalılar üçün təhlükəli ölkədir”.
Bu məsələlər hansı qüvvələrin marağına xidmət edir? Türkiyənin Avropa Birliyinə daxil olması kimlərin marağında deyil?
Ekspert qeyd edib ki, bu məsələlər Türkiyəni Suriyadakı müharibəyə cəlb etmək və bu bölgədəki hadisələrin içərisində olmasını istəyən, eyni zamanda, qonşu ölkənin Avropa Birliyinə daxil olmasını, Avropa ilə yaxınlaşmasını istəməyən qüvvələrin marağındadır: “Türkiyə AB-yə daxil olduğu təqdirdə, Avropa bununla böyük müttəfiq qazanacaq, nailiyyətlər əldə edəcək. Törədilmiş bu terror aktında əsas məqsəd Türkiyəni Avropaya buraxmamaqdır. Bu prosesin qarşısını bəzi qüvvələr hətta terrorla almağa çalışırlar”.
E.Ələsgərov deyib ki, Türkiyə regionda çox önəm daşıyan bir ölkədir: “Bu terror aktında “islam pərdəsi” də axtarılır. Türkiyə “islam dövləti”nin mərkəzini 8 saata dağıtmaq gücünə malikdir. Bu ehtimal inandırıcı deyil. Bu təhlükəni bilə-bilə onlar niyə İstanbulun mərkəzində terror aktı törətsinlər? Terror aktında hədəf Türkiyə vətəndaşları seçilməyib. Bu hadisədə Türkiyəyə və Almaniyaya mesaj verilib. Almaniya rəsmiləri bəyan etdi ki, terrorla mübarizədə Türkiyənin yanındadırlar. Yəni, Avropa Türkiyəni öz yanında görür”.
Ekspert deyib ki, Türkiyə yeganə Avropaya yaxın ölkədir ki, Suriya ilə həmsərhəddir və bu müharibədə zərər görüb: “Terror aktlarından bu gün “silah” kimi istifadə olunur və çevrəsi genişlənir. Türkiyə çox təəssüflər olsun ki, bu hadisələrdən ciddi zərər görür və hələlik bu olayların qarşısını almaq mümkün olmur”.
Qeyd edək ki, yanvarın 12-də İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 Almaniya vətəndaşı həlak olub, 15 nəfər isə yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.
Terror aktını törətmiş terrorçu-intiharçı Nabil Fadlının anası erməni əsilli suriyalıdır.
N.Fadlı bu il yanvarın 5-də qaçqın adı altında Suriyadan Türkiyəyə gəlib.