Dünyanın 10 ən isti yerinin reytinqi tərtib edilib. “APA-Economics”in RBK-ya istinadən verdiyi məlumata görə, siyahının 10-cu yerində Çinin Turfan şəhərində yerləşən Turfan çalası qərarlaşıb. Turfan şəhərində orta illik temperatur 15,4 dərəcə olsa da, Turfan çalası yayda 33,2 dərəcəyədək qızır və bu rəqəm bəzən 40 dərəcəyə də çatır. Turfan çalasında istinin rekord dərəcəsi 48,4 dərəcə olub.
Reytinqin 9-cü pilləsində İsraildə İordan çayının qərbində yerləşən Tirat-Tsvi adlanan yer qərarlaşıb. Əhalisi cəmi 700 nəfər olan bu ərazidə havanın orta illik göstəricisi 24,2 dərəcə təşkil edir, yayda isə bu göstərici 34,7 dərəcəyə çatır. Tirat-Tsvidə istinin rekord göstəricisi 1942-ci ildə qeydə alınıb – 53,9 dərəcə.
Siyahının 8-ci yerində Malinin Timbuktu şəhəridir. Təkcə may ayında bu şəhərdə havanın orta göstəricisi 34 dərəcə təşkil edir. Timbuktuda isti havanın rekord göstəricisi 52,4 dərəcədir.
Reytinqdə 7-ci yerdə ABŞ-dakı “Ölüm Vadisi” adlanan milli park qərarlaşıb. Kaliforniya və Nevada ştatlarının sərhədlərində dəniz səviyyəsindən 85 metr aşağıda yerləşən vadidə demək olar ki, həyat yoxdur. Burada yalnız müəyyən heyvanların qalıqlarına rast gəlmək olar. Yayda “Ölüm Vadisi”ndə orta temperatur 37 dərəcə, rekord temperatur isə 56,7 dərəcə təşkil edir.
Siyahının 6-cı yerində Liviyanın Əl-Əziziyə şəhəridir. Şəhərdə havanın orta illik göstəricisi 33,7 dərəcə, yayda 41,2 dərəcə, rekord göstəricisi isə 57,7 dərəcə təşkil edir.
Siyahının 5-ci pilləsində Həbəşistanın Dallol şəhəri yer alıb. Bu şəhərdə havanın orta illik göstəricisi 34 dərəcə, yay aylarında 42,4 dərəcə, rekord göstərici isə 54,2 dərəcə təşkil edir.
Liviyanın Qadames şəhərciyi havanın orta illik göstəricisi 35,1 dərəcə, yayda 41,7 dərəcə, rekord göstərici isə 52,7 dərəcə ilə reytinqin 4-cü yerində qərarlaşıb.
Reytinqin ilk üçlüyündə Sudanda yerləşən Vadi-Xəlfə vadisi yer alıb. Burada havanın orta illik göstəricisi 38,2 dərəcə təşkil edir. Yayda bu göstərici 42,4 dərəcə olur. Vadidə havanın rekord göstəricisi isə 53,2 dərəcə təşkil edir.
Siyahının ikinci yerində Avstraliyanın Kvinslend ştatının torpaqları qərarlaşıb. Burada havanın orta illik göstəricisi 44,4 dərəcə, qış aylarında 53 dərəcə, rekord göstərici isə 62,3 dərəcə təşkil edir.
Nəhayət, reytinqin birinci yerinə İranda yerləşən Lut səhrası layiq görülüb. Səhrada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb – 70,5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik göstəricisi 49,6 dərəcə, yayda isə 58,3 dərəcə təşkil edir.